Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 22-də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin başlanmasının rəsmən elan olunacağını bildirib.
Bu barədə “News Armenia” agentliyi məlumat yayıb.
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik”, – Paşinyan bildirib.
Qeyd edək ki, noyabrın 18-də parlamentdə hökumət saatı zamanı çıxış edən Paşinyan Ermənistanın TRIPP layihəsinin praktiki icrası mərhələsinə keçdiyini açıqlamışdı. O, bu mərhələnin mühüm istiqamətlərindən birinin Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi olacağını bildirmişdi.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə təxminən 42 kilometrlik nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində dəmir yolu və avtomobil yolu infrastrukturu, eləcə də digər kommunikasiya xətlərinin qurulması planlaşdırılır.