Ukraynanın taleyi Fransa seçkilərində həll olunacaq │ ŞƏRH

Yaxın gələcəkdə Ukraynanın taleyi Vaşinqtonun siyasi qərarlarından çox, Fransadakı prezident seçkilərinin nəticələrindən asılı ola bilər. "The National Interest" yazır ki, ABŞ-ın dəstəyinin azalması fonunda məhz Avropa ölkələri Ukrayna üçün maliyyə, hərbi və siyasi yardımın əsas mənbəyinə çevrilib. Buna görə də, Rusiyaya qarşı müqavimətin davam etdirilməsi ilə bağlı həlledici qərarlar getdikcə daha çox Avropa paytaxtlarından asılı vəziyyətə düşür.

Bu kontekstdə analitiklər Avropanın təhlükəsizlik sistemində xüsusi yer tutan Fransaya diqqət çəkirlər. Fransa Aİ-nin aparıcı dövlətlərindən biri, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bundan əlavə, müharibənin əvvəlindən etibarən Paris Kiyevin mühüm tərəfdaşlarından biri kimi silah tədarükü, ukraynalı hərbçilərin hazırlanması və hava hücumundan müdafiə sisteminin gücləndirilməsində fəal iştirak edir. Məhz buna görə də Fransada hakimiyyət dəyişikliyi Avropanın Ukraynaya münasibətini ciddi şəkildə dəyişə bilər.

Analitiklər xüsusilə Marin Le Penin ultrasağçı "Milli Birlik" partiyasının güclənməsi ehtimalından narahatdırlar. Bu siyasi qüvvə Kiyevə hərbi-maliyyə dəstəyinin yenidən nəzərdən keçirilməsinə və Rusiya ilə danışıqlara çağırır. Əgər Le Pen seçkilərdə qalib gələrsə və Parisin Ukrayna məsələsindəki mövqeyini dəyişərsə, Moskva Avropa siyasətinə əlavə təsir imkanları qazanacaq və Kiyevə göstərilən vahid yardımı əngəlləyə biləcək.

Sonda qeyd edilir ki, Tramp Amerika yardımını azalda bilər, lakin Avropanı Ukraynaya dəstəkdən imtinaya məcbur etmək iqtidarında deyil. Bununla belə, Fransada Kiyevə yardımı məhdudlaşdırmağa və Rusiya ilə yaxınlaşmaya tərəfdar olan siyasi qüvvənin hakimiyyətə gəlməsi Avropa Birliyinin daxilindəki güc balansını kökündən dəyişə bilər.