Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyəti ağırlaşan qadın ölüb.
TƏBİB-dən Lent.az-a nildirilib ki, noyabrın 20-də saat 13 radələrində 35 yaşlı qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
***
Şəmkirdə qadının abort zamanı ölümü ilə bağlı təfərrüat məlum olub.
Lent.az-ın xəbərinə görə, rayon sakini olan 35 yaşlı Yeganə Fidayət qızı Əhmədova əvvəlcə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən "Şans" klinikasına müraciət edib. Burada onun halı pisləşib və təcili tədbir görülməsi üçün Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin yolda olarkən qadın qanaxmadan dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Şəmkirdə qadın abort zamanı ölüb.
APA-ya istinadən, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.
Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.
Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.