Xəzərdə bu heyvanlar məhv olacaq - XƏBƏRDARLIQ

Xəzər dənizində suyun səviyyəsinin azalması, buz örtüyünün kiçilməsi və insan fəaliyyəti suitilərin yaşayış mühitini ciddi təhlükə altına salır.

“The Astana Times” nəşrinə istinadən, bu barədə Qazaxıstanın Hidrobiologiya və Ekologiya İnstitutunun tədqiqatçısı Assel Baymukanova məlumat verib.

Onun sözlərinə görə, Xəzər dənizində baş verən ekoloji dəyişikliklər suitilərin çoxalmasına, qidalanmasına və istirahət yerlərinə mənfi təsir göstərir. Xüsusilə Şimali Xəzərdə suyun səviyyəsinin azalması heyvanların məskunlaşdığı adaların və dayaz ərazilərin dəyişməsinə səbəb olur.

Tədqiqatçı bildirib ki, 1995-ci ildən etibarən Şimali Xəzərdə suyun səviyyəsi 2,28 metr azalıb. Nəticədə suitilərin istifadə etdiyi bir sıra adalar yox olub və ya materiklə birləşib.

Araşdırmalara əsasən, 2009-cu ildə Xəzərin şimal-şərqində yerləşən Durnev adalarında təxminən 25 min suiti qeydə alındığı halda, 2016-cı ildə bu göstərici 300-ə, 2019-cu ildə isə 69-a düşüb. 2021-ci ildə adaların materiklə birləşməsindən sonra suitilər həmin ərazidə müşahidə edilməyib.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində buz örtüyünün azalması da ciddi təhlükə yaradır. Belə ki, Xəzər suitiləri balalarını əsasən qış aylarında Şimali Xəzərdə yaranan buz örtüyü üzərində dünyaya gətirirlər.

Bununla yanaşı, dənizin çirklənməsi, balıqçılıq torları, gəmiçilik və neft-qaz fəaliyyəti də suitilərin həyatına mənfi təsir göstərir. Tədqiqatçılar 2019–2023-cü illərdə araşdırılan 395 suiti cəsədinin 9,4 faizində balıqçılıq torlarına ilişmə izləri aşkar ediblər.

Mütəxəssislər vurğulayırlar ki, Xəzər suitilərinin qorunması yalnız bir ölkənin səyləri ilə mümkün deyil. Bunun üçün Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan arasında ekoloji əməkdaşlığın gücləndirilməsi vacibdir.