Almaniyadan Ermənistana mesaj: Sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün İrəvanın Konstitusiya məsələsini həll etməli olduğunu bildirib.

Bu barədə Vadeful Almaniyanın “Tagesschau” milli və beynəlxalq xəbərlər xidmətinə açıqlamasında danışıb.

“Çox vacibdir ki, nəhayət, bu sülh müqaviləsi imzalansın. Bunun üçün Ermənistan hələ öz Konstitusiyasına dəyişiklik etməli və ya yeni Konstitusiya təqdim etməlidir”, – nazir bildirib.

Vadefulun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlar müsbət istiqamətdə irəliləyir.

“Əslində, hər iki tərəf razılığa gəlib, lakin sülh müqaviləsi hələ imzalanmayıb. Təbii ki, bu mərhələnin də tamamlanması vacibdir”, – o vurğulayıb.

Almaniyalı nazir sülhün əldə olunmasının region üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradacağını da bildirib. O ilk növbədə Azərbaycanın önəminə diqqət çəkib.

Vadeful Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirib. O, ölkəmizin Almaniya da daxil olmaqla Avropanın mühüm qaz və neft təchizatçılarından biri olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığının sabitləşdirilməsi və gələcəkdə genişləndirilməsi həm iqtisadiyyatın, həm də münasib qiymətlərlə enerji resurslarına ehtiyacı olan istehlakçıların maraqlarına xidmət edir.

Nazir, həmçinin Azərbaycanın yerləşdiyi regionun Mərkəzi Asiyaya çıxış baxımından əhəmiyyətini vurğulayıb və bu regionun sənayeləşmiş ölkələr üçün zəruri olan müxtəlif xammal mənbələrinə çıxış imkanı yaratdığını bildirib.