İqtisadi müharibə sadə müharibə deyil – Pezeşkian

Hazırda İran iqtisadiyyatının üzləşdiyi müharibə sadə müharibə deyil.

İran Prezidentinin informasiya portalının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian şənbə günü (21 noyabr) Tehranda keçirilən Kapital Bazarının illik konfransında deyib.

“Hazırda İran səssiz müharibədədir. Bu müharibə raketin atıldığı və dağıntılara yol açdığı müharibədən daha çətindir”, - deyə o qeyd edib.

Pezeşkian bildirib ki, ölkədə istehsalın qorunması və bazar ehtiyaclarının təmin olunması üçün iqtisadi sahədə fəaliyyətlər davam etdirilir. Bəziləri hər işin qaydasında olduğunu deyirsə, doğrudur. Lakin bu, səylər və zəhmətlər nəticəsində reallaşıb.

İran prezidenti əlavə edib ki, istehsal sektorunda dayanıqlı enerji təchizatı ölkənin əsas prioritetlərindən biridir. Qış aylarında istehsal sektorunun ehtiyac duyduğu elektrik, qaz və digər enerji daşıyıcılarının təmin olunması ilə problemin minimuma endirilməsinə səy göstərilir. Mövcud enerji çatışmazlığı və gələn aylarda məhdudiyyətlərin kəskinləşməsi ehtimalı ilə əlaqədar problemlərin yaranmasının qarşısının alınması üçün addımlar atılır.

“Enerji istehlakında məhdudiyyət tətbiq olunursa, sənaye zavodları və istehsal sektoru enerji verilişinin dayandırılacağı son sahələr olmalıdır. Enerji məhdudiyyətinin yarandığı dönəmdə vətəndaşlar və qeyri-istehsal sektoru istehlakı idarə etməklə və bəzi məhdudiyyətləri qəbul etməklə sənaye zavodları və istehsal sektorunun fəaliyyətinin davam etməsinə kömək etməlidir. Çətin şəraitdə elektrik istehlakının məhdudlaşdırılması istehsalın dayanması və işçi qüvvəsinin işsiz qalması ilə nəticələnməməlidir”, - deyə o bildirib.

Pezeşkian deyib ki, dövlətə məxsus zərərlə işləyən şirkətlərin vəziyyətinə yenidən baxılmalıdır. Bir iqtisadi şirkət davamlı şəkildə ziyanla işləyirsə, bu ziyanın səbəbi müəyyənləşməlidir. Ölkədə çatışmazlığın və iqtisadi problemlərin bir hissəsi yanlış idarəetmənin nəticəsidir. Dövlət sektorunda zərərlə işləyən şirkətin rəhbərlərinə ilin sonunda mükafat verilməsi əsaslandırıla bilməz.

Pezeşkian qeyd edib ki, dövlətin idarəçiliyində olan müəssisələrin, bankların, nazirliklərin və digər qurumların vəziyyəti müəyyənləşdirilməli, idarəetmədə islahatlar aparılmaqla onların səmərəli fəaliyyəti təmin edilməli və ya iqtisadi əsaslandırma olmadıqda fəaliyyətləri ilə bağlı qərar verilməlidir.

Qeyd edək ki, 2018-ci ildən bəri İran əleyhinə müxtəlif sahələrdə çoxlu sayda sanksiyalar tətbiq olunub. Bu il İran və ABŞ arasında baş verən münaqişə nəticəsində İrana qarşı dəniz və hava məhdudiyyətləri tətbiq olunub.