Oş və Gəncə şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Gəncə şəhərinin rəhbərliyi ilə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Oş və Gəncə şəhərləri arasında ticarət-iqtisadi, sənaye, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Gəncədə keçirilən danışıqlar zamanı tərəflər birgə müəssisələrin yaradılması, Qırğızıstanın kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarında təşviqi, eləcə də iki şəhərin ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması imkanlarını nəzərdən keçiriblər.

Bundan əlavə, "Modern Silk Road Joint Tour Package" ("Müasir İpək Yolu") təşəbbüsü çərçivəsində birgə turizm marşrutlarının hazırlanması məsələsi müzakirə olunub.

Səfər çərçivəsində Maksat Mamıtkanov "Azəralüminium" zavoduna, həmçinin su, qaz və elektrik enerjisi üçün intellektual sayğacların istehsalı müəssisəsinə baş çəkib.

Görüş və sənaye müəssisələrinə səfər dostluq əlaqələrinin möhkəmləndirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının öyrənilməsi məqsədi daşıyıb.