"Əgər dövlət həqiqətən BDU-nu “ölkənin flaqman tədqiqat universiteti” kimi görmək istəyirsə, ona BDU-ya da DİM-ə verilən qədər muxtariyyat və etimad verilməlidir. Əks halda..."
"Uğurlu imtahan inzibatçısı olmaq avtomatik olaraq uğurlu universitet rektoru olmaq demək deyil. İmtahan mərkəzi qayda qoyur və icrasına nəzarət edir. Universitet isə qayda qoymaqla yanaşı, bilik istehsal etməlidir..."
"BDU-da tələbələrin ən çox şikayət etdiyi məsələlərdən biri qiymətləndirmədə subyektivlik, imtahanlarda müəllimdən asılılıq, semestr işlərində qeyri-şəffaf meyarlardır..."
"Əgər BDU DİM kimi idarə olunsa - hər şey testlə, formayla, cədvəllə ölçülərsə - universitet elmi laboratoriyadan imtahan mərkəzinin filialına çevrilə bilər..."
"Məleykə Abbaszadə əgər akademik heyətlə dialoq qurmasa, onları tərəfdaş kimi deyil, icraçı kimi görsə, ən istedadlı kadrlar universiteti tərk edib daha azad mühitə - ADA-ya, özəl universitetlərə, xaricə gedəcəklər. BDU onsuz da beyin axınından əziyyət çəkir..."
"ETN-in mövcud qaydaları - ştat cədvəli, dərs yükü normativləri, maliyyə hesabat formaları, kadr təyinatlarında razılaşdırma mexanizmləri - rektorun əlini bağlaya bilər. Əgər nazirlik BDU-ya yalnız nəzarət obyekti kimi baxsa, hər təşəbbüs “yuxarıdan icazə” gözləsə, islahat ləngiyəcək..."
"30 ildir ki, ETN-nin universitetlərə münasibəti “qış günəşi kimidir: uzaqda parlayır, amma istilik vermir”…
*** *** *** *** ***
- Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinə uzun illər rəhbərlik etdikdən sonra Bakı Dövlət Universitetinin rektoru təyin olunmasını necə qiymətləndirirsiniz?
-İmtahan və qiymətləndirmə sistemində qazandığı təcrübəni universitet idarəçiliyinə gətirməsi BDU-da hansı müsbət dəyişikliklərə yol aça bilər?
-Eyni zamanda, DİM-in fəaliyyət prinsipləri ilə klassik universitet idarəçiliyinin fərqli xüsusiyyətlərini nəzərə alsaq, qarşıda hansı çətinliklər dayana bilər?
-Onun rəhbərliyi dövründə BDU-nun ölkənin və regionun nüfuzlu elmi-tədqiqat universitetlərindən birinə çevrilməsi real görünürmü?..
Tanınmış təhsil eksperti İlham Əhmədov Moderator.az-ın yuxarıdakı suallarını “BDU-nun transformasiyası zəruridir...” başlıqlı elmi analitik yazısıyla cavablandırıb:
“BDU-ya yeni rektor təyinatı ətrafında ictimai müzakirələr diqqət çəkir. Çox böyük əksəriyyət Məleykə Abbaszadənin BDU-ya rektor təyin edilməsini uğurlu təyinat hesab edir, amma DİM-in gələcək taleyi ilə də əlaqəli narahatlıqlar aydın hiss edilir. Bu, təsadüfi deyil. DİM uzun müddət ərzində ölkədə öz səmərəli fəaliyyəti ilə ictimai rəğbət qazana bilmişdir və bunda DİM sədrinin mühüm rolu var. Yəni, cəmiyyət DİM-in gələcək taleyindən narahatdır ki, sonrası necə olacaq? Mənim fikrimcə, bu qurumun daxilindən layiqli bir menecerin DİM-ə sədr təyin edilməsi daha doğru olardı, nəinki, kənardan, bu sistemə yad bir kadrın...
Təzə təyin edilən hər hansı rektorun gələcək fəaliyyəti ilə əlaqədar bəri başdan hansısa fikirlər söyləmək, təkliflər vermək əslində düz deyil. Ən azı 100 gün gözləmək, ilk addımları müşahidə etmək daha doğru olardı. Digər tərəfdən Azərbaycanın ali təhsil reallığını da nəzərə almaq lazımdır. Rektor tezliklə uzun illər ərzində ali təhsil sistemində qalaqlanmış, həll edilməmiş problemlər və sistemsizliklə qarşılaşacaq. 10 ildir ki, ali təhsil haqqında qanun MM-də “müzakirə” edilir və bu müzakirələrin sonu görünmür. Ölkədə hələ də ali təhsilə dair beyin mərkəzləri, elmi-tədqiqat institutları, tədqiqat laboratoriyaları yoxdur. 35 illik müstəqillik tarixində ali təhsil problemlərinə dair heç bir jurnal nəşr etmirik. Rektorlar şurasının və Elm və Təhsil Nazirliyi kollegiyasının fəaliyyəti hiss edilmir. Ali təhsilə dair heç bir elmi baza olmadan, real sistemli monitorinqlər aparılmadan universitetlərdə islahatlar aparmaq çətindir. Bu mənada bəlkə də ilk 100 günü gözləmədən bəzi təhlillər aparmaq daha faydalı olar, nəinki sonradan, gecikmiş təkliflər vermək...
M. Abbaszadənin BDU-ya rektor təyinatına təkcə kadr dəyişikliyi kimi deyil, iki fərqli idarəetmə fəlsəfəsinin ziddiyyəti kimi baxmaq lazımdır. Bir tərəfdə DİM - mərkəzləşdirilmiş, qaydası dəqiq, nəticəsi ölçülə bilən, şəffaflıq iddiası üzərində qurulmuş bir sistem var. Digər tərəfdə isə BDU - 1919-cu ildən gələn ənənəsi, elmi məktəbləri, akademik muxtariyyət iddiası və eyni zamanda son 30 ildə beynəlxalq reytinqlərdə, elmi məhsuldarlıqda və ictimai nüfuzda hiss olunan dərəcəd zəifləyən klassik universitet var...
Bu kontekstdə M. Abbaszadənin DİM-dən BDU-ya keçidi Azərbaycan ali təhsilində nadir rast gəlinən, lakin məntiqi izahı olan bir təyinatdır...
- Təyinatı necə qiymətləndirmək olar?
M. Abbaszadənin BDU-ya rektor təyin edilməsi uğurlu seçimdir. O, Azərbaycan ictimai şüurunda əsasən iki keyfiyyətlə tanınır: “sistemlilik və korrupsiyaya qarşı sərt mövqe.” 1990-cı illərdən TQDK-ya, sonra isə DİM-ə rəhbərlik etdiyi dövrdə ali məktəblərə qəbulu ölkədə etimad qazanan dövlət proseslərindən birinə çevirə bildi. Qəbul imtahanlarının test üsulu ilə, elektronlaşdırılmış və ictimai nəzarətə açıq şəkildə keçirilməsi, nəticələrin proqnozlaşdırıla bilən olması cəmiyyətdə ona texnokrat-islahatçı imici qazandırdı.
Bu baxımdan M. Abbaszadənin BDU-ya rektor təyin olunması üç mesaj daşıyır:
1. Dövlət BDU-nu artıq sırf akademik özünüidarə ilə düzəlməyəcək bir qurum kimi görür. Universitetin daxili mexanizmlərinin - elmi şuraların, fakültə ənənələrinin, professor-müəllim korpusunun - öz-özünü islah etmək potensialına inam azalıb. Kənardan, idarəetmə təcrübəsi sübut olunmuş bir fiqurun gətirilməsi buna işarədir.
2. BDU-nun problemlərinin əsasən akademik deyil, idarəetmə və etimad problemidir. Yəni problemin kökündə professorların biliksizliyi deyil, qərarvermə mexanizminin qapalılığı, kadr siyasətində subyektivlik, maliyyə və tədris proseslərində şəffaflığın zəifliyi dayanır. M. Abbaszadə bu sahədə güclüdür...
3. Təyinat simvolikdir. BDU uzun illər “ölkənin birinci universiteti” statusunu formal olaraq saxlasa da, real elmi çəkisinə görə artıq ADA Universiteti, BANM, UNEC kimi universitetlərlə rəqabətdə bəzi məqamlarda geri qalırdı. DİM kimi cəmiyyətdə etimadı yüksək olan bir qurumun rəhbərinin BDU-ya gətirilməsi, universitetə itirdiyi ictimai legitimliyi geri qaytarmaq cəhdidir...
Lakin bu qiymətləndirmədə bir ehtiyat da vacibdir: uğurlu imtahan inzibatçısı olmaq avtomatik olaraq uğurlu universitet rektoru olmaq demək deyil. İmtahan mərkəzi qayda qoyur və icrasına nəzarət edir. Universitet isə qayda qoymaqla yanaşı, bilik istehsal etməlidir. Bunlar fərqli məsələlərdir.
-DİM təcrübəsi BDU-ya hansı müsbət dəyişikliklər gətirə bilər?..
Əgər M. Abbaszadə DİM-də formalaşmış idarəetmə prinsiplərini BDU-nun spesifikasına uyğunlaşdıraraq tətbiq edə bilsə, bir neçə istiqamətdə real irəliləyiş mümkündür.
a) Bütün proseslərdə şəffaflıq. BDU-da tələbələrin ən çox şikayət etdiyi məsələlərdən biri qiymətləndirmədə subyektivlik, imtahanlarda müəllimdən asılılıq, semestr işlərində qeyri-şəffaf meyarlardır. DİM modeli burada faydalı ola bilər: imtahanların mərkəzləşdirilmiş, anonim kodlaşdırılmış, apellyasiya mexanizmi olan sistemə keçirilməsi, qiymət meyarlarının əvvəlcədən açıq elan olunması. Bu, tələbə-müəllim münasibətlərində korrupsiya riskini azaldar və BDU diplomunun dəyərini artırar...
b) Məlumat əsaslı idarəetmə. DİM illərdir böyük verilənlər bazası ilə işləyir: hansı məktəb, hansı region, hansı fənn üzrə zəifdir, hansı ixtisasda tələb artıb, hansı proqram əmək bazarına uyğun deyil. BDU-da isə qərarlar çox vaxt ənənəyə, şifahi razılaşmalara, fakültə rəhbərlərinin lobbiçiliyinə əsaslanır. Abbaszadənin gətirə biləcəyi ən böyük yenilik - fakültələrin, kafedraların, proqramların fəaliyyətinin rəqəmlərlə ölçülməsi, zəif proqramların bağlanması və ya birləşdirilməsi, güclü istiqamətlərə resurs ayrılması ola bilər.
c) Kadr siyasətində meritokratiya. DİM-də vəzifəyə təyinat imtahan və müsabiqə yolu ilə baş verir. BDU-da isə elmi dərəcə, staj və şəxsi əlaqələr çox vaxt real elmi məhsuldarlıqdan daha vacib sayılıb. Əgər rektor elmi məqalə, layihə, beynəlxalq əməkdaşlıq, tələbə rəyi kimi obyektiv meyarları kadr qərarlarında əsas götürsə, universitetdə uzun illər donmuş kadr strukturu hərəkətə gələ bilər. Xüsusilə gənc, xaricdə təhsil almış, ingilis dilində dərs deyə bilən kadrların cəlbi üçün bu, vacibdir. 30 ildir ki, kadr siyasəti həm ETN-də, həm də universitetlərdə qüsurlu formada həyata keçirilir. Təhsildəki uğursuzluqların əsas səbəblrindən biri də məhz budur...
d) İctimaiyyətlə əlaqə və hesabatlılıq. DİM hər imtahandan sonra ictimaiyyətə hesabat verir, statistikaları açıq paylaşır. BDU isə uzun illər qapalı qurum kimi qalıb. Yeni rektorun bu təcrübəsi universitetin fəaliyyətini cəmiyyətə açmağa, məzunların məşğulluq göstəricilərini, elmi layihələrin nəticələrini paylaşmağa kömək edə bilər. Bu, həm abituriyentlərin etimadını, həm də dövlət maliyyəsinin səmərəliliyinə nəzarəti artırar...
DİM məntiqi ilə klassik universitet məntiqi arasındakı fərqlər...
DİM və universitet fərqli təbiətə malikdir və bu fərq nəzərə alınmalıdır, əks halda islahat uğursuzluğa apara bilər. Əsas fərqlər bunlardır:
1. Standartlaşdırma VS yaradıcılıq.
DİM-in uğuru standartlaşdırmadadır: hamı üçün eyni test, eyni qayda, eyni vaxt. Universitetin uğuru isə əksinə, standartdan kənara çıxmaqdadır: fərqli elmi məktəblər, fərqli metodologiyalar, mübahisə, sərbəst düşüncə. Əgər BDU DİM kimi idarə olunsa - hər şey testlə, formayla, cədvəllə ölçülərsə - universitet elmi laboratoriyadan imtahan mərkəzinin filialına çevrilə bilər. Professorun işi tələbəyə testə hazırlaşmağı öyrətmək deyil, sual verməyi, tənqid etməyi, yeni bilik yaratmağı öyrətməkdir. Bu fərq itərsə, BDU-nun elmi ruhu daha da zəifləyər...
2. Mərkəzləşmə VS akademik muxtariyyət.
Klassik universitetdə fakültə və kafedra müəyyən muxtariyyətə malik olmalıdır. Fizika fakültəsinin ehtiyacı ilə Filologiya fakültəsinin ehtiyacı eyni ola bilməz. DİM-də mərkəzi aparatın qərarı hamı üçün məcburidir. BDU-da isə rektorun hər tədris detalına müdaxiləsi professor korpusunda müqavimət yarada bilər, xüsusi ilə yaşlı, elmi məktəb yaratmış professorlar bu idarəetmə üslubunu “universiteti məktəbə çevirmək” kimi qavraya bilərlər...
3. Kadr problemi.
DİM-in əməkdaşı imtahan təşkilatçısıdır, onun elmi azadlığı yoxdur. Universitetdə isə professor həm müəllim, həm tədqiqatçı, həm də ictimai fikir adamıdır. Onu inzibati sərəncamla idarə etmək mümkün deyil. M. Abbaszadə əgər akademik heyətlə dialoq qurmasa, onları tərəfdaş kimi deyil, icraçı kimi görsə, ən istedadlı kadrlar universiteti tərk edib daha azad mühitə - ADA-ya, özəl universitetlərə, xaricə gedəcəklər. BDU onsuz da beyin axınından əziyyət çəkir...
4. Elm maliyyəsi və infrastruktur.
DİM-in büdcəsi dövlət tərəfindən nisbətən sabitdir və əsas xərci təşkilati proseslərdir. Universitetdə isə elm laboratoriya, kitabxana, beynəlxalq verilənlər bazasına çıxış, qrant tələb edir. BDU-nun son illərdəki zəifləməsinin əsas səbəblərindən biri məhz elmi infrastruktura investisiyanın azlığıdır. Rektor nə qədər yaxşı idarəçi olsa da, bu problemi təkbaşına həll edə bilməz. Burada ETN –nin rolu həlledicidir...
-BDU regionun nüfuzlu tədqiqat universitetinə çevrilə bilərmi?..
Bu, mümkündür, lakin təkcə rektor dəyişikliyi ilə yox. BDU-nun potensialı hələ də böyükdür: ölkənin ən böyük kitabxana fondu, ən geniş ixtisas spektri, regionşünaslıq, şərqşünaslıq, tarix, hüquq, kimya, fizika kimi sahələrdə hələ də qorunub saxlanılan elmi məktəblər. Lakin bu potensialı reallaşdırmaq üçün üç şərt lazımdır:
1. Tədqiqat universiteti modelinə keçid.
BDU digər universitetlərimiz kimi hələ də əsasən tədris universitetidir. Professorların dərs yükü o qədər yüksəkdir ki, elmi tədqiqata vaxt qalmır. Tədqiqat universiteti olmaq üçün dərs yükü azaldılmalı, elmi məhsula görə əməkhaqqı fərqləndirilməli, doktorantura real elmi məktəbə çevrilməlidir. Bu, ETN-in normativ qərarları olmadan mümkün deyil.
2. Beynəlxalq inteqrasiya.
Son illər BDU-nun beynəlxalq reytinqlərdə geriləməsinin səbəbi təkcə elmi məqalələrin azlığı deyil, həm də beynəlxalq əməkdaşlığın zəifliyi, ingilis dilində proqramların azlığı, xarici tələbə və professor mübadiləsinin aşağı olmasıdır. AMEA institutlarının BDU-ya birləşdirilməsi formal olaraq vəziyyəti nisbətən dəyişdirsə də, keyfiyyət dəyişikliyi hələ də hiss edilmir. M. Abbaszadənin beynəlxalq imtahan təcrübəsi (məsələn, beynəlxalq qiymətləndirmə sistemləri ilə iş) burada kömək edə bilər, amma universitetin özünün beynəlxalq ofisi gücləndirilməlidir.
3. Maliyyə muxtariyyəti.
Dünyanın nüfuzlu universitetləri dövlət dotasiyasından əlavə, qrantlar, ianələr, məzunlar fondu, kommersiya layihələri ilə yaşayır. BDU-da bu mexanizmlər demək olar ki, yoxdur. Rektor bu istiqamətdə işləsə, universitet dövlət büdcəsindən asılılığını azalda bilər...
Bu üç şərt yerinə yetirilməsə, M. Abbaszadənin islahatları yalnız “imtahanları şəffaflaşdırdı, intizamı gücləndirdi” səviyyəsində qalacaq. Bu da vacibdir, amma BDU-nu tədqiqat universiteti etməz.
-ETN kömək edəcəkmi, yoxsa mane olacaq? BDU DİM səviyyəsinə qalxacaq, yoxsa ETN səviyyəsinə enəcək?..
Bu sual Azərbaycan ali təhsil sisteminin ən ağrılı nöqtəsidir. Cəmiyyətdə belə bir qavrayış var: DİM işləyir, ETN isə işləmir. Bu, əlbəttə ki, sadələşdirmədir, amma kökündə bir həqiqət var: DİM nisbətən sərbəst, nəticəyə fokuslu, siyasətdən uzaq qurum kimi formalaşıb. ETN isə illərdir bürokratik, tez-tez rəhbər dəyişən, qərarları ləng, universitetlərlə münasibəti daha çox nəzarət xarakterli olan nazirlik kimi qavranılır. 30 ildir ki, ETN-nin universitetlərə münasibəti “qış günəşi kimidir: uzaqda parlayır, amma istilik vermir”…
Bir kontekstdə iki ssenari…
Optimist ssenari - ETN kömək edir. ETN M. Abbaszadənin təyinatını özü üçün də fürsət kimi görür. BDU-nun uğuru nazirliyin də uğuru olacaq. Bu halda nazirlik BDU-ya pilot universitet statusu verər: maliyyə və kadr məsələlərində daha çox muxtariyyət, tədqiqat qrantlarına prioritet, yeni proqramların açılmasında sürətli razılaşdırma. Rektorun DİM-dəki nüfuzu ETN daxilində bürokratik maneələri aşmağa kömək edər. Bu ssenaridə BDU DİM səviyyəsinə - yəni şəffaflıq, hesabatlılıq, nəticəyə görə məsuliyyət səviyyəsinə qalxar…
Pessimist ssenari - sistem yeni rektoru udur…
Azərbaycanın idarəetmə ənənəsində güclü şəxsiyyətlər çox vaxt sistemi dəyişmək əvəzinə sistem tərəfindən dəyişdirilir. ETN-in mövcud qaydaları - ştat cədvəli, dərs yükü normativləri, maliyyə hesabat formaları, kadr təyinatlarında razılaşdırma mexanizmləri - rektorun əlini bağlaya bilər. Əgər nazirlik BDU-ya yalnız nəzarət obyekti kimi baxsa, hər təşəbbüs “yuxarıdan icazə” gözləsə, islahat ləngiyəcək. O zaman BDU-nun DİM səviyyəsinə qalxması əvəzinə, rektorun enerjisi ETN-in gündəlik bürokratik tələblərinə sərf olunacaq və universitet “ETN səviyyəsinə” - yəni formal hesabatlarla yaşayan, real elmi nəticəsi ikinci plana keçən bir quruma çevriləcək…
Hansı ssenarinin baş verəcəyi üç amildən asılı olacaq: siyasi iradə, maliyyə dəstəyi və rektorun akademik mühitlə dil tapması…
Əgər dövlət həqiqətən BDU-nu “ölkənin flaqman tədqiqat universiteti” kimi görmək istəyirsə, ona BDU-ya da DİM-ə verilən qədər muxtariyyat və etimad verilməlidir. Əks halda, ən yaxşı rektor da sistemin içində əriyəcək…
M. Abbaszadənin təyinatı düzgün diaqnoz əsasında atılmış cəsarətli addımdır. BDU-ya nizam, şəffaflıq, məlumat əsaslı idarəetmə mədəniyyəti lazımdır və o, bunu BDU-ya gətirə biləcək nadir fiqurlardandır. Lakin universitet imtahan mərkəzi deyil. Əgər islahat yalnız nəzarət və standartlaşdırma üzərində qurulsa, BDU daha intizamlı, amma daha az elmi bir quruma çevriləcək. Yox, əgər DİM təcrübəsi akademik azadlıq, elmi yaradıcılıq və beynəlxalq inteqrasiya ilə birləşsə, ETN bu prosesə maneə deyil, tərəfdaş olsa, BDU-nun yenidən regionun nüfuzlu universitetlərindən birinə çevrilməsi realdır. Bu, proses təkcə bir rektorun deyil, bütöv bir sistemin sınağı olacaq…”
Təhsil eksperti dosent İlham Əhmədov