Quba, 21 noyabr, AZƏRTAC Qusarda icra olunan 68 layihə üzrə rayonun kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrası ilə bağlı keçirilən iclasda məlumat verilib.İclasda aqrar istehsalın genişləndirilməsi, fermer və sahibkarların dəstəklənməsi, mövcud problemlərin aidiyyəti qurumlarla birgə həlli, investisiya imkanlarından səmərəli istifadə və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.Müzakirələr zamanı Qusar rayonu üzrə hazırlanmış Tədbirlər Planında nəzərdə tutulan layihələrin icra vəziyyəti, aqrar sahənin inkişaf perspektivləri, sahibkarların təşəbbüsləri və qarşılaşdıqları problemlər diqqət mərkəzində olub. Bildirilib ki, rayonun kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur.Müşavirədən sonra Dövlət Proqramı çərçivəsində həyata keçirilən və icrası davam etdirilən layihələrlə tanış olmaq məqsədilə bir sıra təsərrüfatlara yerində baxış keçirilib. Bağçılıq, meyvəçilik, heyvandarlıq və soyuducu anbar komplekslərinin tikintisi istiqamətində görülən işlərin mövcud vəziyyəti qiymətləndirilib. Müxbir – Elxan Yusifli