"Azərbaycanın gələcəyini YAP-sız təsəvvür etmək mümkün deyil"

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Çünki dünən xalqımızın taleyüklü bir dövründə yaranmış zərurətdən meydana gələn YAP müstəqil Azərbaycanın siyasi həyatında mühüm rol oynayan ümumxalq partiyasına çevrilmişdir.

1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransında yaradılan partiya, yaranmasından heç bir il keçməmiş, hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tərəfindən ölkənin idarə olunmasında iştirak etməyə dəvət edildi. Çünki həmin dövrdə hakimiyyətdə olanlar ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmirdilər.

Əslində, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycana rəhbərlik edən şəxslərin fəaliyyəti göstərdi ki, dövləti idarə etmək, ölkənin təhlükəsizliyini təmin etmək və xalqın rifahı naminə çalışmaq hər kəsin bacara biləcəyi iş deyil. Ölkənin ağır vəziyyətə düşdüyü bir dövrdə rəhbərlik edənlərdən biri vəzifəsindən uzaqlaşdırıldı, ikisi Moskvaya, biri isə Kələkiyə getdi.

1993-cü ildə bir tərəfdən torpaqlarımızın sürətlə işğal olunması, digər tərəfdən hakimiyyət uğrunda başlanan silahlı mübarizə, ölkədə yaranmış qarşıdurmalar və yenicə müstəqillik qazanmış dövlətimizin parçalanma təhlükəsi Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə dəvət olunmasını zəruri etdi. İyunun 9-da Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Ali Sovetin Sədri seçildi, sonradan prezident səlahiyyətlərini də öz üzərinə götürdü. Beləliklə, 15 İyun Milli Qurtuluş Günü kimi tariximizə yazıldı.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası hələ də 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası ilə idarə olunurdu. Çünki o dövrdə hakimiyyətdə olanların müstəqil dövlətin yeni Konstitusiyasını hazırlamaq və qəbul etmək üçün lazımi siyasi iradəsi və idarəçilik təcrübəsi yox idi. Nəhayət, 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edildi.

Konstitusiyada Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit olundu. Dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu, ölkədə yaşayan hər kəsin etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğu, hamının qanun və məhkəmə qarşısında bərabərliyi bəyan edildi. Beləliklə, Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu.

YAP-ın qarşısında böyük vəzifələr dayanırdı: Ermənistanın işğalçılıq siyasətini dayandırmaq, dövlət idarəetmə sistemini formalaşdırmaq, ölkədə sabitliyi təmin etmək, iqtisadi əsasları yaratmaq, dünya dövlətləri sisteminə inteqrasiya olunmaq, siyasi və iqtisadi müstəqilliyi möhkəmləndirmək, güclü və peşəkar ordu qurmaq və nəhayət, torpaqlarımızı işğaldan azad etmək. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və YAP-ın iqtidarda olması sayəsində bu istiqamətlərdə möhkəm təməllər yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların, etnik və dini qrupların nümayəndələri arasında milli birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdi.

2003-cü ildən Azərbaycana rəhbərlik edən, 2021-ci ildən isə YAP-a sədrlik edən cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək möhkəm təməllər üzərində qurulan müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdi. Beləliklə, YAP-ın qarşısına qoyulan vəzifə və hədəflər bir-bir uğurla reallaşdırıldı. Əsas strateji məqsədimiz olan torpaqlarımızın işğaldan azad edilməsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Dəmir yumruğu nəticəsində təmin edildi. Şuşada üçrəngli Dövlət Bayrağımızın dalğalanması tarixi Zəfərimizin rəmzinə çevrildi.

Beləliklə, YAP öz fəaliyyətinin mühüm bir mərhələsini uğurla başa vurdu. Yeni reallıqlar və çağırışlar partiyanın siyasi fəaliyyətinin də yenilənməsini zəruri edirdi. Məhz 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında partiyanın sədri, Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Partiyada islahatlar aparıldı, yeni Nizamnamə və Proqram qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 35 nəfərdən ibarət Veteranlar Şurası və 13 nəfərdən ibarət Təftiş Komissiyası yaradıldı. Partiyanın fəaliyyəti müasir dövrün çağırışlarına uyğunlaşdırıldı.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə də YAP Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla həyata keçirilməsində xalqımızın yanında oldu. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən birinə çevrildi.

Beləliklə, YAP dünənin partiyası kimi Azərbaycanın müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm tarixi missiyanı yerinə yetirdi.

YAP həm də bu günün partiyasıdır. Ölkəmizin iqtidarda olduğumuz dövrdə keçdiyi inkişaf yolunu və əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün iqtisadi göstəricilərə nəzər salmaq kifayətdir.

Bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub. Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard, xərclərinin isə 42,4 milyard manat olması nəzərdə tutulur. Bu göstəricilər müstəqillik tariximizin ən yüksək büdcə göstəricilərindəndir. Ölkəmizin valyuta ehtiyatları 89,5 milyard dollar, orta aylıq əməkhaqqı 1169 manat, minimum pensiya 320 manat təşkil edir. Xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisi 5,4 faiz olmaqla 4,5 milyard dollar, inflyasiya isə təxminən 5,5 faiz səviyyəsindədir. Adambaşına düşən ÜDM 8500 dollar təşkil edir. Növbəti ildə də minimum əməkhaqqının, pensiyaların və müavinətlərin artırılması nəzərdə tutulur. Sosial rifahın yüksəldilməsinə xidmət edən bu siyasət ardıcıl şəkildə davam etdirilir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi xalqımızı qalib xalqa çevirib, regionda yeni sülh reallıqları yaradıb.

Bəs 1993-cü ildə YAP hakimiyyətə gələndə ölkədə vəziyyət necə idi? Həmin il dövlət büdcəsinin gəlirləri 7,2 milyon, xərcləri isə 7,7 milyon manat təşkil edirdi. ÜDM-in artım tempi mənfi 23,1 faiz, inflyasiya 1129 faiz, işsizlik 16 faiz, adambaşına düşən ÜDM 180 dollar, xarici dövlət borcu 35,5 milyon dollar, valyuta ehtiyatları isə sıfır idi. Suveren ərazilərimizin 20 faizi işğal olunmuş, ölkə iqtisadi və siyasi böhran içərisində qalmış, xalqımız gələcəyə inamını itirmək təhlükəsi ilə üzləşmişdi.

Məhz bu göstəricilər YAP-ın hakimiyyətdə olduğu dövrdə Azərbaycanın hansı inkişaf yolunu keçdiyini aydın şəkildə nümayiş etdirir. Digər mühüm göstərici isə partiyanın sıralarının genişlənməsidir. 1992-ci ildə 550 nəfərin iştirakı ilə təsis edilən YAP bu gün 770 minə yaxın üzvü birləşdirərək ümumxalq partiyasına çevrilmişdir.

YAP bu gün qazandığı uğur və nailiyyətləri daha da möhkəmləndirir, xalqın rifahı və dövlətimizin təhlükəsizliyi naminə fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qurur.

2026-cı ildə keçirilmiş YAP-ın VIII qurultayında partiyanın sədri İlham Əliyev üzvlər qarşısında yeni vəzifələr müəyyənləşdirib. Ölkənin hərbi və müdafiə gücünün daha da artırılması, ideoloji təhlükəsizliyin qorunması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas hədəflər olaraq müəyyən edilib. Partiyamız xalqımız arasında milli birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edən azərbaycançılıq ideologiyasının qorunmasını, Dəmir yumruğun daim güclü və sarsılmaz olmasını özünün başlıca vəzifələrindən hesab edir.

Bəli, YAP gələcəyin partiyasıdır. Azərbaycanın gələcəyini YAP-sız təsəvvür etmək mümkün deyil. Çünki bu gün əldə etdiyimiz bütün böyük uğurların təməlində xalqımızın birliyi, dövlətimizin gücü və YAP-ın həyata keçirdiyi siyasi kurs dayanır. Biz bir yerdə daha güclüyük və gələcəyə inamla addımlayırıq!

Bayramımız mübarək!

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov