Zelenski Krım körpüsü ilə bağlı Putini hədələdi və Trampın bu münasibətinə kəskin reaksiya verdi...

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə hücumların davam edə biləcəyinə işarə edərək Rusiya Prezidenti Vladimir Putinin bu körpünün salamat qalmayacağını anlamalı olduğunu bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya liderinə dost münasibətini tənqid edib və Putini Ukrayna üçün düşmən və qatil adlandırıb.

Zelenski bu fikirləri ABŞ-ın "NBC News" və "CNN" telekanallarına verdiyi müsahibələrdə səsləndirib.

Ukrayna Prezidenti "NBC News"-a müsahibəsində Rusiyanın Ukraynanın körpülərinə və dəmir yollarına dəfələrlə zərbələr endirdiyini, Kiyevin isə buna cavab olaraq Krım körpüsünü hədəfə aldığını bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hücumlarına cavab vermək hüququna malikdir və Krım körpüsü də bu baxımdan qanuni hədəf hesab olunur.

"Bu, bizim üçün tamamilə qanuni hədəfdir. Çünki onlar Krımı – bizim Krımımızı işğal ediblər. Bu, onların 2014-cü ildə ilk məqsədi idi. Ərazimizi işğal etdilər, daha sonra isə bu körpünü tikərək onun Rusiyanın bir hissəsi olduğunu bəyan etdilər", – Zelenski bildirib.

O qeyd edib ki, Moskva sonradan konstitusiyasına və daxili qanunvericiliyinə dəyişikliklər edərək Krımı öz ərazisi elan etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Ukrayna lideri körpüyə hücumların davam edə biləcəyinə də işarə edib.

"Putin başa düşməlidir ki, bu körpü salamat qalmayacaq!", – Zelenski vurğulayıb.

O, Rusiyanın Ukrayna ərazisindəki körpülərə hücumlarına cavab veriləcəyini bildirib. Prezidentin sözlərinə görə, Krım körpüsünün gələcək taleyi müharibə zamanı və ya müharibədən sonra diplomatik və ya hərbi yollarla həll oluna bilər. Kiyev yarımadanın işğalı və onun hərbiləşdirilməsi ilə barışmaq niyyətində deyil...

Zelenski Trampın Putinə münasibətindən narahatdır...

Ukrayna Prezidenti "CNN"-ə müsahibəsində isə Donald Trampın Vladimir Putini dostu kimi təqdim etməsinə münasibət bildirib.

Zelenski ABŞ Prezidentinin Putini necə adlandırmaqda sərbəst olduğunu desə də, Ukrayna üçün Rusiya liderinin düşmən və qatil olduğunu vurğulayıb.

"Prezident Tramp Putini necə adlandıracağına özü qərar verir. Bizim üçün isə o, düşməndir. Əlbəttə, bizim üçün o, qatildir. Düşünürəm ki, dünyadakı insanların əksəriyyəti üçün də o, qatildir, çünki o, insanları öldürür. Üstəlik, hər gün və hər gecə öldürür", – Ukrayna Prezidenti deyib.

Zelenski onu da bildirib ki, Putinin dost və ya tərəfdaş kimi təqdim edilməsi Rusiya rəhbərliyinə qarşı beynəlxalq təzyiqin zəifləməsinə səbəb ola bilər.

Onun fikrincə, Rusiya lideri kifayət qədər təzyiq hiss etmir və bu cür münasibəti müharibəni davam etdirmək üçün maneələrin olmaması kimi qəbul edə bilər.

"Bilmirəm, bu, onun üçün müharibəni davam etdirməyə qırmızı, yoxsa yaşıl işıqdır, amma bu, onu dayandırmır. Buna görə də o, müharibəni davam etdirə biləcəyini düşünür", – Zelenski əlavə edib.

Ukrayna Prezidenti Rusiyanın döyüş meydanında istədiyi nəticələri əldə edə bilmədiyini iddia edərək, bunun fonunda mülki əhəmiyyətli infrastruktura hücumların intensivləşdirildiyini bildirib. O, körpülərin, dəmir yolu stansiyalarının, məktəblərin və kilsələrin də hədəfə alındığını söyləyib.

Tramp Putinin Krım körpüsünə hücuma görə qəzəblənməsini başadüşülən sayıb...

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Krım körpüsünə hücumlarla bağlı açıqlama verib. "NBC News"-un jurnalisti Qeyb Qutyerres noyabrın 19-da Trampla söhbətindən sonra bildirib ki, ABŞ Prezidenti Vladimir Putinlə danışıb və Rusiya lideri Krım körpüsünə hücuma görə Zelenskiyə çox qəzəblidir. Jurnalistin sözlərinə görə, Tramp Putinin bu reaksiyasını başadüşülən hesab etdiyini bildirib. Bu açıqlama Ukrayna mediasında da geniş müzakirə olunub. Ukrayna Prezidenti isə sonrakı müsahibəsində Trampın Putinlə bağlı dost münasibətinin onu narahat etdiyini açıq şəkildə ifadə edib.

Krım körpüsünə hücumlar və Moskvanın reaksiyası...

Noyabrın 16-dan başlayaraq Krım körpüsü bir neçə dəfə hücuma məruz qalıb. Ukrayna tərəfi noyabrın 17-də keçirilən əməliyyat zamanı körpünün avtomobil yolu hissəsinə və konstruksiyalarına ziyan dəydiyini açıqlayıb. Noyabrın 19-da isə körpünün dəmir yolu hissəsinə də zərbə endirildiyi bildirilib.

Ukrayna Prezidenti əməliyyatın bir neçə mərhələdən ibarət olduğunu, müxtəlif pilotsuz uçuş aparatları və raket sistemlərindən istifadə edildiyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə hücumlara cavab veriləcəyini bəyan edib. Onun sözlərinə görə, Rusiyanın cavab tədbirləri Ukraynanın körpüyə endirdiyi zərbələrdən daha ağrılı olacaq. Putin həmçinin körpünün bərpa ediləcəyini bildirib.

Beləliklə, Zelenskinin son açıqlamaları Krım körpüsü ətrafında qarşıdurmanın davam edə biləcəyini göstərməklə yanaşı, Ukrayna və ABŞ rəhbərliyi arasında Rusiya Prezidenti Putinə münasibət məsələsində mövcud fikir ayrılıqlarını da gündəmə gətirib.

S.Laçın