TRACECA Hökumətlərarası Komissiyasının fəaliyyəti çərçivəsində Xəzər dənizi limanlarında "Dəniz vahid pəncərəsi" sisteminin inkişafı istiqamətində işlər aparılır.
Bu barədə TRACECA-nın Cenevrədə keçirilən BMT-nin Ticarət Prosedurlarının Sadələşdirilməsi və Elektron Biznes Əməliyyatları üzrə Mərkəzinin (UN/CEFACT) 45-ci forumunun yekunlarına dair məlumatında bildirilib.
Qeyd olunub ki, TRACECA Daimi Katibliyinin nümayəndə heyəti təşkilatın baş katibi Jasurbek Çoriyevin rəhbərliyi ilə hökumətlərin, beynəlxalq təşkilatların, biznes dairələrinin və texniki ekspertlərin nümayəndələrini bir araya gətirən forumda iştirak edib.
"Tədbir çərçivəsində beynəlxalq ticarət və logistikanın rəqəmsal transformasiyası, o cümlədən yüklərin transsərhəd izlənməsi, hüquqi uyğunluq, nəqliyyat dəhlizlərinin rəqəmsal əlaqəliliyi, "vahid pəncərə" mexanizmləri və dayanıqlı təchizat zəncirləri məsələləri müzakirə olunub.
Əsas müzakirə mövzularından biri BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müxtəlif rəqəmsal inkişaf səviyyəsinə malik ölkələr arasında etibarlı məlumat mübadiləsi üçün normativ və texnoloji əsasın yaradılmasına yönəlmiş 50 nömrəli tövsiyə layihəsi olub.
Noyabrın 4-də tranzit dəhlizlərinin rəqəmsal əlaqəliliyinin artırılmasına həsr olunmuş müzakirədə çıxış edən Jasurbek Çoriyev qeyd edib ki, üzv olan 14 dövlətdən səkkizinin dənizə birbaşa çıxışı olmayan TRACECA üçün nəqliyyat marşrutlarının inteqrasiyası inkişafın prioritet şərtlərindən biridir.
Onun sözlərinə görə, hazırda rəqəmsal modernləşmə hər bir nəqliyyat növü üzrə ayrıca həyata keçirilir. Nəticədə dəmir yolu və avtomobil nəqliyyatı sistemlərinin, eləcə də liman prosedurlarının kəsişmə nöqtələrində məlumatlar yenidən daxil edilir və ya kağız daşıyıcılarda təkrarlanır. TRACECA-nın baş katibinin qeyd etdiyi kimi, Orta Dəhliz üzrə yüklərin çatdırılma müddətinin azaldılması üçün əhəmiyyətli potensial məhz bu sahələrdə cəmləşib.
Bildirilib ki, TRACECA nümayəndə heyəti, həmçinin kağızsız ticarətin təşkili və tranzit prosedurlarının uyğunlaşdırılması sahəsində təşkilatın praktiki təcrübəsini təqdim edib. Xüsusilə, vahid elektron tranzit icazəsinin tətbiqinin təşviqi, Xəzər dənizi limanlarında "Dəniz vahid pəncərəsi" sisteminin inkişafı, eləcə də CIM/SMGS elektron dəmir yolu qaiməsinin məlumatlarının UN/CEFACT standartlarına uyğunlaşdırılması ilə bağlı pilot sınaqların nəticələri diqqətə çatdırılıb.
"Təklif olunan tədbirlər, o cümlədən nəqliyyat dəhlizi metodologiyasının və vahid əsas səmərəlilik göstəricilərinin hazırlanması TRACECA-nın 2027-2036-cı illər üçün yeni strategiyasının layihəsi ilə uzlaşır. Strategiyanın 2026-cı ilin sonunadək təsdiqlənməsi gözlənilir.
Təşkilat, həmçinin "Bir marşrut - çoxsaylı sistemlər - vahid semantik dil" prinsipinə əsaslanan federativ idarəetmə modelinə üstünlük verdiyini bildirib. Bu model mərkəzləşdirilmiş rəqəmsal platformaların hazırlanması əvəzinə, mövcud milli sistemlər arasında uyğunluq interfeyslərinin yaradılmasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.
TRACECA hesab edir ki, multimodal daşımaların rəqəmsallaşdırılması zamanı çatdırılma müddətinin real şəkildə azaldılması UN/CEFACT-ın ümumi standartlarından istifadə və nəqliyyat marşrutuna daxil olan bütün ölkələr tərəfindən elektron sənədlərin qarşılıqlı tanınması ilə mümkündür.
Bundan başqa, noyabrın 3-4-də forum çərçivəsində TRACECA-nın baş katibi BMT-nin Avropa İqtisadi Komissiyasının rəhbərliyinin nümayəndələri və müvafiq sahə üzrə mütəxəssislərlə, o cümlədən komissiyanın icraçı katibinin müavini Dmitri Mariyasin və Dayanıqlı Nəqliyyat Bölməsinin direktoru Hanni Misters ilə işgüzar görüşlər keçirib.
Tərəflər elektron sənəd dövriyyəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin BMT-nin rəqəmsal standartları ilə işləmək üzrə mütəxəssislərin hazırlanması məqsədilə TRACECA-nın milli səriştə mərkəzlərinin yaradılması təşəbbüsünü müzakirə ediblər.
Görüşlər zamanı BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri Transxəzər Nəqliyyat Dəhlizinin rəqəmsal əkizinin hazırlanması layihəsini də təqdim edib və TRACECA-nın bu layihənin həyata keçirilməsinə cəlb olunması imkanına baxmağa hazır olduqlarını bildiriblər.
Danışıqların yekununda tərəflər birgə iş proqramının formalaşdırılması üçün konkret təklifləri mübadilə etmək barədə razılığa gəliblər.