Simonyanın Bakı səfəri sülh prosesinə təkan verəcək? - AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq. O, səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana əvvəlki səfərinə qarşılıqlı addım kimi qiymətləndirib.

Bəs gözlənilən səfəri sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Azad Məsiyev qeyd etdi ki, Ermənistan ilə Azərbaycan dövləti arasında sülh sazişinin mətni razılaşdırılıb:

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla praktiki sülhün əldə edilməsi üçün addımlar atır və Ermənistana strateji yüklərin daşınmasına, eyni zamanda Azərbaycan yanacağının Ermənistana satılması və iki dövlət başçılarının beynəlxalq tədbirlərdə intensiv görüşməsi onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan arasında aparılan bu intensiv danışıqlar gələcəkdə sülh sazişinin əldə edilməsi üçün dialoqun aparılmasına təkan verir".

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan tərəfinin haqlı bir tərəfi var və bu haqlı tərəf beynəlxalq hüquqla öz əksini tapır:

"Çünki sülh sazişinin təməl prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Ermənistan Konstitusiyası isə Azərbaycanın ərazi bütövlüyünü tanımır. Azərbaycanın ərazi bütövlüyünə iddialı məqamlar var. Belə olan təqdirdə bağlanacaq sülhün, yəni konstitusiyanın müddəasında Azərbaycana torpaq iddiası qaldığı halda bağlanacaq sülhün heç bir əhəmiyyəti olmur. Eyni zamanda Ermənistanda avantürist dairələrin verdiyi bəyanatlar onu göstərir ki, hələ də Ermənistanda "dənizdən dənizə böyük Ermənistan dövləti" yaratmaq xülyasında olan insanlar var. Həmin düşərgə hakimiyyətə gələrsə, təbii ki, sülh sazişinə kölgə salacaqlar. Ona görə də Azərbaycan tərəfi açıq şəkildə mövqeyini bildirir ki, biz Ermənistan dövləti ilə yox, Ermənistan xalqı ilə müqavilə bağlamaq istəyirik. Yəni xalq referendum keçirərək Azərbaycana qarşı torpaq iddiasından imtina etməlidir və bundan sonra iki dövlət arasında münasibətlər sürətlə inkişaf etdirilə bilər".

Siyasi şərhçi diqqətə çatdırdı ki, Azərbaycan tərəfinin həm rəsmi dövlət nümayəndələri, həm də qeyri-hökumət təşkilatları Ermənistana müntəzəm şəkildə səfərlər həyata keçirir:

"Bu səfərlər iki dövlət arasında bağlanacaq sülhə doğru atılan addımdır. Təbii ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana səfəri Azərbaycanın xoşniyyətli bir səfəri kimi qiymətləndirilib. Adekvat olaraq Ermənistanın da nümayəndəsinin Azərbaycana gəlməsi iki dövlət arasında aparılacaq danışıqlara təkan verir və qarşılıqlı anlaşmaya doğru atılan bir addımdır. Eyni zamanda Ermənistan tərəfi köklü bir addım atmalıdır. Yəni referendum keçirib konstitusiyasında dəyişiklik etdikdən sonra artıq sülh sazişinin rəsmi olaraq imzalanması gündəmə gələ bilər. Artıq Ermənistan–Azərbaycan arasında de-fakto sülh sazişi var. Dediyim kimi, sülh sazişinin mətni razılaşdırılıb, Ermənistana strateji yüklərin daşınması həyata keçirilir".

Azad Məsiyev qeyd etdi ki, Azərbaycan Ermənistana enerji və neft məhsullarının satışını həyata keçirir:

"Eyni zamanda Azərbaycan rəsmilərinin Ermənistana, Ermənistan rəsmilərinin Azərbaycana gediş-gəlişi bunu deməyə əsas verir ki, Ermənistan–Azərbaycan arasında de-fakto sülh var. Ermənistanın Baş nazirinin açıqlamaları, eyni zamanda Azərbaycan Prezidentinin prinsipial mövqeyi artıq sülh sazişinin de-fakto olduğu nümayiş etdirilir. Amma sülh sazişinin de-yure imzalanması üçün mütləq şəkildə hüquqi sənədlər səhnəyə salınmalıdır. Yəni Ermənistan konstitusiyasına dəyişiklik etməli, Azərbaycana torpaq iddiasından imtina etməli, qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul etməlidir. Eyni zamanda erməni xalqı Azərbaycana düşmənçiliyindən imtina etməlidir. Bunu da konstitusiyada olan referendumda təsdiqlənməlidir. Bundan sonra sülh sazişinin hüquqi tərəfi gündəmə gələ bilər. Amma Ermənistandan müxtəlif bəyanatlar gəlib. Bu yaxınlarda Ermənistan parlamentinin rəhbərliyi tərəfindən belə bir fikir səsləndirildi ki, referendum keçirilmədən də bu saziş imzalana bilər. Amma sual meydana gəlir: konstitusiyada Azərbaycana torpaq iddiası olduğu halda biz hansı sülhdən danışa bilərik? Bu baxımdan erməni xalqı Azərbaycanla dinc yanaşı yaşamaq prinsipini qəbul edirsə və Azərbaycana qarşı düşmənçiliyindən imtina edirsə, onda referendum keçirib o müddəanı çıxartmalı, özü səs verməlidir. Bundan sonra erməni dövlətinin rəsmi sülh sazişini imzalatmaq üçün addımlar atıldığının biz şahidi ola bilərik".

Onun sözlərinə görə, hələ referendum keçirilsə də, xalq ona səs verəcək, ya verməyəcək, bilinmir:

"Bu zaman deyə bilərik ki, erməni dövlətinin apardığı təbliğatdan çox şey asılıdır. Təbii ki, iki dövlət nümayəndələrinin, istər Azərbaycanın Prezident Administrasiyasının nümayəndəsinin Ermənistana səfəri, Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfəri artıq iki dövlət arasında sülhün əldə edilməsi üçün aparılan bir təbliğat kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, bu cür səfərlər ümumi işin xeyirinə ola bilər".