Xocalı soyqırımının canlı şahidi Salman Mahmudov dəfn edildi - FOTO

Ləfxanımın atası, Xocalı soyqırımının canlı şahidi Salman Mahmudov dünyasını dəyişib.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.

O bildirib ki, Salman Mahmudov bu gün Xocalıda dəfn olunub.

Qeyd edək ki, Salman Mahmudov Xocalı soyqırımının şahidi Ləfxanımın atasıdır.

1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

“Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq”, - deyə Ləfxanım illər əvvəl müsahibələrinin birində demişdi.