Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-nə çağırıldı

Estoniyanın müvəqqəti işlər vəkili Tallinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrinin birtərəfli qaydada bağlanması Rusiya vətəndaşlarının hüquqlarını pozur və Estoniya iqtisadiyyatı üçün də “ən mənfi nəticələrə” səbəb olacaq.

“Rusiya tərəfi milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi-diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna daha əvvəl dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanacağını açıqlayıb.

Bu qərar Tallinin Rusiya hərbi kəşfiyyatını (QRU) pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” şirkətinin obyektlərində partlayış törətməyə cəhddə ittiham etməsindən sonra verilib.