2035-ci ilədək Avrasiyada, o cümlədən Azərbaycanda, Xəzər regionunun digər ölkələrində və Rusiyada təbii qaz hasilatının 80 milyard kubmetr artacağı gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “World Energy Outlook 2026” hesabatında bildirilib.
Hesabata əsasən, təbii qaz hasilatının artmasına ixrac tədarükünün genişlənməsi, eləcə də Xəzər regionu ölkələrində daxili tələbatın yüksəlməsi səbəb olacaq.
Türkmənistanda nəhəng “Qalkınış” yatağının işlənməsi üzrə işlər irəlilədikcə qaz hasilatının üçdəbir artacağı gözlənilir.
“Rusiyada Avropaya qaz ixracının itirilmiş həcmlərinin bir hissəsi Çinə qaz tədarükü üçün illik gücü 50 milyard kubmetr olan “Sibir Gücü-2” qaz kəmərinin istismara verilməsi hesabına kompensasiya olunacaq. Kəmərin 2030-cu illərin ortalarında istifadəyə verilməsi, 2040-cı ilədək isə tam gücə çatdırılması planlaşdırılır”, - deyə hesabatda qeyd olunur.
Hesabatda həmçinin Avrasiyanın qalıq yanacaqlardan yüksək asılılığı vurğulanır. Bildirilir ki, 2025-ci ildə bu yanacaq növlərinin payına regionun ümumi enerji tələbatının təxminən 90 faizi düşüb. Bu, Yaxın Şərqdən sonra dünya regionları arasında ikinci ən yüksək göstəricidir.
“2025-ci ildə təbii qaz regionun enerji tələbatının yarıdan çoxunu təmin etməklə əsas enerji mənbəyi olaraq qalıb. BEA-nın qiymətləndirməsinə görə, bu struktur növbəti illərdə də ümumilikdə dəyişməz qalacaq.
Bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsinə və əlavə atom elektrik enerjisi istehsalı güclərinin istismara verilməsinə baxmayaraq, onların enerji balansına təsiri təbii qaz istehlakının artması ilə kompensasiya olunacaq. Nəticədə, 2035-ci ilədək Avrasiyanın enerji balansında qalıq yanacaqların payı mövcud siyasət ssenarisi (CPS) üzrə cəmi 0,5 faiz bəndi, elan edilmiş siyasətlər ssenarisi (STEPS) üzrə isə 1 faiz bəndi azalacaq.
Avrasiya həmçinin karbohidrogenlərin əsas istehsalçı və ixracatçılarından biri olaraq qalır. 2025-ci ildə regiondan təxminən 200 milyard kubmetr təbii qaz və gündəlik 9 milyon barel neft ixrac edilib. Regionun neft və qaz ixracının 75 faizindən çoxu Rusiyanın payına düşüb”, - deyə BEA-nın hesabatında bildirilir.
Qeyd olunur ki, Ukraynada müharibənin başlamasından sonra ticarət axınları əhəmiyyətli dərəcədə dəyişib. BEA əsas amillər sırasında Avropa İttifaqının Rusiya nefti, qazı və kömürünün idxalından imtinasını, eləcə də 2026-cı ildə Ukraynanın Rusiyanın neft infrastrukturuna endirdiyi zərbələri göstərir. Bu hücumlar nəticəsində neft məhsullarının ixracı gündəlik 1,5 milyon barel azalıb.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Avrasiya iqtisadiyyatının enerji tutumu ÜDM-in hər dollarına təxminən 3,2 meqacoul təşkil edir. Bu göstərici inkişaf etməkdə olan və formalaşmaqda olan bazarlara malik digər iqtisadiyyatların orta göstəricisindən 30 faiz yüksəkdir.
BEA bunu soyuq iqlim, sənayenin yüksək enerji tutumu, köhnəlmiş infrastruktur, eləcə də enerji istehsalı və istehlakında səmərəsizliyin davam etməsi ilə izah edir. Digər bir amil isə qalıq yanacaqlara geniş tətbiq olunan subsidiyalardır. Bu subsidiyalar enerji qiymətlərinin aşağı səviyyədə saxlanmasına imkan versə də, eyni zamanda enerji səmərəliliyinin artırılmasını ləngidir.