İstanbul-Bakı reysi ilə gələn sərnişində 60 min manatlıq zinət əşyaları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində ümumi dəyəri 59,5 min manatdan çox olan qızıl-zinət əşyaları və saatların gömrük nəzarətindən gizlədilərək Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və qanunvericiliyə uyğun olaraq sorğu-sual edilib.

Həmin şəxs hava limanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir bağlama gizlətdiyini bildirib.

Yoxlama zamanı bağlamadan tanınmış brendlərə məxsus, ümumi dəyəri 59 min 500 manatdan çox olan 2 qol saatı, 3 bilərzik, 1 cüt sırğa və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.