Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsində 40 milyard avroya yaxın ixtisarın edilməsi gözlənilir. Bu təkliflə Avropa Şurasının prezidenti Antonio Koşta çıxış etməyə hazırlaşır.
Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Büdcə ixtisarları əsasən regional siyasətin maliyyələşdirilməsinə təsir edə bilər. Bununla belə, fermerlərə ayrılan subsidiyaların toxunulmaz qalacağı gözlənilir. Bildirilir ki, bu büdcə əvvəlki büdcə layihəsi ilə müqayisədə 40 milyard avro təşkil edə bilər.
Avropa Komissiyasının hazırladığı yeni yeddiillik büdcə layihəsində ümumi maliyyələşmənin artırılması, Aİ tarixində ilk dəfə hərbi xərclər üçün ayrıca büdcə maddəsinin yaradılması nəzərdə tutulurdu. Bunun əvəzində kənd təsərrüfatına və iqtisadi cəhətdən geridə qalmış regionların inkişafına ayrılan vəsaitlərin azaldılması təklif edilirdi.
Bu müddəalar Aİ ölkələri və ayrı-ayrı siyasi qüvvələr tərəfindən tənqid olunub. Avropa siyasi dairələrində hərbi xərclərin artırılmasına ciddi etiraz olmasa da, əsas mübahisə bu artımın hansı sahələrin hesabına təmin ediləcəyi ilə bağlıdır.