ABŞ fond bazarında süni intellekt (AI) şirkətlərinin səhmlərinin kəskin ucuzlaşması analitiklərin diqqətini 2000-ci ildə texnologiya sektorunda baş vermiş “dotkom” böhranına yönəldib. “TS Lombard” araşdırma şirkəti bazarda müşahidə olunan tendensiyaların həmin dövrdəki hadisələrlə oxşarlıq təşkil etdiyini bildirir.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə “TS Lombard”ın makroiqtisadi strateqi Dario Perkinsin noyabrın 18-də açıqlanan təhlilində bildirilir.
Perkinsin fikrincə, süni intellekt şirkətlərinin səhmlərindəki son satış dalğası 2000-ci ildə internet şirkətlərinin səhmlərinin çökməsinin ilkin mərhələsini xatırladır. Bununla belə, analitik hazırkı vəziyyətin mütləq yeni böhranla nəticələnəcəyini proqnozlaşdırmır.
ABŞ fond bazarında texnologiya şirkətlərinin çəkisi son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. “Reuters”in noyabrın 9-da açıqladığı məlumatlara görə, texnologiya sektorunun S&P 500 indeksindəki payı 35%-dən çox olub. Bu göstərici 2000-ci ildə internet şirkətlərinin səhmlərində yaranmış qiymət köpüyünün pik dövründəki səviyyəni üstələyir.
“Alphabet”, “Amazon” və “Meta” kimi süni intellektə böyük investisiyalar yatıran şirkətlər də nəzərə alındıqda, texnologiya ilə əlaqəli müəssisələrin ABŞ fond bazarına təsiri daha geniş miqyas alır.
Analitik 2000-ci ildə “Nasdaq” indeksinin hərəkətlərinə xüsusi diqqət çəkir. Həmin ilin mart ayında tarixi maksimuma yüksələn indeks aprelin ortalarına qədər üçdəbirindən çox dəyər itirmişdi. Sonradan səhmlərin qiymətlərində təxminən 35%-lik bərpa baş versə də, yüksəliş davamlı olmamışdı.
İlin sonuna doğru satışlar yenidən güclənmiş və “Nasdaq” mart ayındakı maksimumundan təxminən 50% aşağı səviyyəyə düşmüşdü.
Perkins bildirir ki, hazırda da investorlar texnologiya şirkətlərinin yüksək mənfəətliliyini, süni intellektə güclü tələbatı və hesablama gücü çatışmazlığını bazarın davamlı yüksəlişini dəstəkləyən amillər kimi qiymətləndirirlər. Oxşar arqumentlər 2000-ci ildə də səsləndirilirdi.
Lakin bugünkü vəziyyətlə həmin dövr arasında mühüm fərqlər var. 2000-ci ildə “Nasdaq” şirkətlərinin qiymət/mənfəət (P/E) göstəricisi 80-i ötdüyü halda, hazırda təxminən 30 səviyyəsindədir. Bundan başqa, indiki iri texnologiya şirkətlərinin əksəriyyəti yüksək mənfəət əldə edir və güclü maliyyə göstəricilərinə malikdir.
Buna baxmayaraq, analitik hesab edir ki, əsas risklərdən biri süni intellekt infrastrukturuna yatırılan böyük həcmdə investisiyaların gələcəkdə gözlənilən gəlirliliyi təmin etməməsidir.
İnvestorların mövqeyindəki dəyişikliklər də bunu göstərir. “Bank of America”nın noyabr sorğusuna əsasən, fond menecerləri texnologiya səhmlərinə investisiyalarını 2006-cı ilin iyunundan bəri ən sürətli templə azaldıblar.
Sorğuda iştirak edənlərin 38%-i şirkətlərin həddindən artıq investisiya yatırdığını düşünür, 52%-i isə növbəti altı ayda iri süni intellekt investorlarından birinin kapital xərclərini azaldacağını gözləyir.
Perkins xəbərdarlıq edir ki, fond bazarında müvəqqəti yüksəlişlər daha böyük ucuzlaşmanın baş verməyəcəyinə zəmanət vermir. Onun fikrincə, 2000-ci ilin təcrübəsi göstərir ki, texnologiya şirkətləri yüksək mənfəət açıqlamağa davam etsələr belə, müştərilərinin investisiya imkanları zəiflədikdə sonradan sifarişlərin azalması ilə üzləşə bilərlər.
Analitik süni intellekt sektorunda yüksəliş dövrünün artıq başa çatdığı qənaətində deyil. Bununla belə, şirkətlərin gələcək mənfəət proqnozları, məlumat mərkəzlərinə kapital qoyuluşları və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti bazarın növbəti istiqaməti baxımından mühüm göstəricilər olaraq qalır.