Gəncə, 20 noyabr, AZƏRTAC Gəncə Dövlət Universitetində (GDU) “Müasir dil tədrisi: innovativ metodlar, rəqəmsal texnologiyalar və elmi perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd müasir dövrdə xarici dillərin tədrisi sahəsində tətbiq olunan yenilikləri, rəqəmsal resursların və süni intellektin tədris prosesinə təsirini müzakirə etmək, elmi-pedaqoji təcrübə mübadiləsini genişləndirmək olub. Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva çıxışında qloballaşan dünyada xarici dillərin öyrənilməsi və tədrisinin yeni yanaşmalar tələb etdiyini diqqətə çatdırıb. Bildirib ki, ənənəvi üsullarla yanaşı, innovativ pedaqoji metodların və süni intellekt imkanlarının tətbiqi tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin müstəqil öyrənmə və tədqiqat aparmaq bacarıqlarının inkişafına mühüm töhfə verir.Sonra Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev, elmi işlər üzrə dekan müavini, dosent Mehriban Məmmədova, tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Yaqut Hacıyeva məruzələrlə çıxış ediblər. Məruzələrdə tələbəyönümlü təlim strategiyaları, kommunikativ bacarıqların inkişaf etdirilməsi və rəqəmsal platformalardan səmərəli istifadə imkanları diqqətə çatdırılıb. Eyni zamanda, dil tədrisində nəzəri biliklərlə praktik vərdişlərin uzlaşdırılmasının və tələbələrin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınmasının vacibliyi vurğulanıb. Plenar iclasla davam edən konfransda təqdim olunan məruzələr ətrafında geniş elmi müzakirələr aparılıb, müasir dil tədrisinin qarşısında duran aktual məsələlər, mövcud çətinliklər və onların həlli yolları nəzərdən keçirilib, gələcək elmi araşdırmalar üçün perspektivli istiqamətlər müəyyənləşdirilib. Müxbir - Elcan Məmmədov