Azərbaycanda ali təhsil müəssisələrinin fəaliyyətinin səmərəliliyi, tədrisin keyfiyyəti və rektorların idarəçilik bacarıqları zaman-zaman müzakirə mövzusuna çevrilir.
Bəzi universitetlər təhsil və idarəetmə sahəsində uğurlu nəticələr əldə etsələr də, digərlərinin fəaliyyətində müəyyən çatışmazlıqların olduğu bildirilir.
Bu isə universitet rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələsini gündəmə gətirir.
Bəs Azərbaycanda hansı universitetlərin fəaliyyətini daha uğurlu hesab etmək olar? Hansı rektorlar gözlənilən nəticələri göstərə bilməyib?
Təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin idarəetmə və inkişaf səviyyələri arasında ciddi fərqlər var:
“Azərbaycanda 50-dən artıq ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan bir neçəsi hərbi təyinatlı, 10-a yaxını isə özəl universitetlərdir. Açığını deyim ki, özəl universitetlərlə bağlı o qədər də ürəkaçan fikirlər səsləndirə bilməyəcəyəm. Bu baxımdan Xəzər Universitetini istisna hesab edirəm. Yeni yaradılmış Qarabağ Universitetinin adını çəkmək istərdim. Bu universitet həm ictimaiyyətlə əlaqələr (PR) işini uğurla qurur, həm də idarəetmə və cəmiyyət qarşısında hesabatlılıq baxımından müsbət nümunə göstərir. Universitet qəbul prosesi zamanı da ictimaiyyətə kifayət qədər açıq olur, məktəblərdə müxtəlif tədbirlər və görüşlər təşkil edir”.
Ekspert deyib ki, Prezident təqaüdünə layiq görülən tələbələrin böyük hissəsi məhz Bakı Ali Neft Məktəbinin payına düşür:
“Eyni fikirləri Bakı Ali Neft Məktəbi haqqında da söyləyə bilərəm. Bu ali təhsil müəssisəsinin rektorunun fəaliyyəti və idarəçilik yanaşması artıq uzun illərdir öz müsbət nəticələrini göstərir. Belə ki, ən yüksək nəticə göstərən və Prezident təqaüdünə layiq görülən tələbələrin böyük hissəsi məhz Bakı Ali Neft Məktəbinin payına düşür. Detallara varmadan deyə bilərəm ki, burada fəaliyyət kifayət qədər uğurlu təşkil olunub. İctimaiyyətlə əlaqələrdən tutmuş təşkilati məsələlərə qədər bir çox təşəbbüslər birbaşa rektorun rəhbərliyi ilə həyata keçirilir. Digər nümunə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetini qeyd etmək olar. Bu universitetin idarəetmə sistemində kifayət qədər ciddi irəliləyişlər müşahidə olunur. Xüsusilə son 5-10 illik dövrlə müqayisədə Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldiyini söyləmək mümkündür. Bu, müəllimlərin işə qəbulu imtahanlarının nəticələrində də özünü göstərir. Əmək bazarının müəllimlərə olan tələbatının təxminən 40 faizinin təkcə bir universitet tərəfindən qarşılanması mühüm göstəricidir”.
O vurğulayıb ki, Lənkəran Dövlət Universiteti də uğurlu təhsil müəssələri sırasındadır:
“Bu ali təhsil müəssisəsi də həm cəmiyyətə açıqlığı, həm də komanda işinə əsaslanan idarəetmə modeli ilə seçilir. Universitetdə laboratoriyalar yaradılıb, mövcud imkanlar təkmilləşdirilib, yataqxana şəraiti yaxşılaşdırılıb və digər istiqamətlərdə müsbət nəticələr əldə olunub. Lənkəran Dövlət Universitetində idarəetmə kifayət qədər çevik təşkil edilib. Universitetə yeni kadrlar və gənc mütəxəssislər cəlb olunub. Bu da fəaliyyətin səmərəliliyinə müsbət təsir göstərir. Universitet artıq regionun təhsil tələbatını əhəmiyyətli dərəcədə qarşılaya bilir. Hətta yüksək bal toplayan abituriyentlər arasında da bu ali təhsil müəssisəsini seçənlər var. Bu cür universitetlərin siyahısını davam etdirmək mümkündür. Mingəçevir Dövlət Universitetində son dövrlər yeni təşəbbüslər həyata keçirilməyə başlanılıb. Əgər bu istiqamətdə fəaliyyət davam etdirilərsə, gələcəkdə uğurlu nəticələrin əldə olunacağını gözləmək olar”.
Ekspert Gəncədə yerləşən bəzi dövlət universitetlərinin fəaliyyətini isə qənaətbəxş hesab etmədiyini vurğulayıb:
“Təəssüf ki, Gəncədə yerləşən dövlət universitetləri haqqında eyni dərəcədə müsbət fikirlər söyləyə bilmirəm. Bir vaxtlar Azərbaycan Dövlət Aqrar Universitetində kifayət qədər geniş imkanlar yaradılmışdı və idarəetmədə müəyyən sistemlilik müşahidə olunurdu. Lakin hazırda burada da müəyyən geriləmələrin olduğu hiss edilir. Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin də mövcud fəaliyyətini qənaətbəxş hesab etmirəm”.
“Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisələri, demək olar ki, yalnız tələbə qəbulu dövründə yada düşür. Hətta həmin vaxt bu universitetləri seçmək istəyən abituriyentlər arasında müəyyən tərəddüdlər yaranır. Onlar özəl universitetlərin dövlət tərəfindən tanınıb-tanınmadığını, bu müəssisələrin diplomlarının etibarlı olub-olmadığını sorğulayırlar. Bunun əsas səbəblərindən biri həmin universitetlərdə ictimaiyyətlə əlaqələr işinin zəif qurulmasıdır. Nəticədə abituriyentlər arasında özəl universitetlərin diplomlarının tanınması ilə bağlı əsassız tərəddüdlər yaranır. Halbuki Azərbaycanda qanuni fəaliyyət göstərən ali təhsil müəssisələri müvafiq dövlət tələblərinə və akkreditasiya prosedurlarına tabedir. Bu müəssisələrin qanunvericiliyə uyğun verdikləri diplomlar dövlət tərəfindən tanınır”, – deyə təhsil eksperti bildirib.