Bakı, 20 noyabr, AZƏRTACNoyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək, sağlam həyat tərzi seçək!” mövzusunda maarifləndirici tədbir keçirilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun yetişdirilməsinin əhəmiyyətindən danışıb. O, sağlam cəmiyyətin formalaşmasının sağlam düşüncəli, bilikli və məsuliyyətli gəncliyin yetişdirilməsindən başladığını qeyd edib.ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında gənclərin sağlam, savadlı və geniş dünyagörüşünə malik vətəndaşlar kimi yetişdirilməsinin dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı dövrdən etibarən gənclərin təhsilinə, xüsusilə onların keçmiş SSRİ-nin və dünyanın qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsinə göstərilən diqqəti xatırladıb. Professor gənclərin ölkənin intellektual potensialını və gələcəyini müəyyən edən əsas qüvvə olduğunu vurğulayaraq onların yalnız akademik biliklərə deyil, həm də sağlam həyat tərzinə, yüksək mənəvi dəyərlərə və sosial məsuliyyətə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra professor “Narkomaniyanın qarşısının alınması və profilaktika” mövzusunda təqdimatla çıxış edib.Səbail Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəriman Bayramov narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə mübarizə istiqamətində görülən işlərdən, hüquq-mühafizə orqanlarının praktiki fəaliyyətindən bəhs edib. O, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, bu sahədə hüquqi məsuliyyət və profilaktik tədbirlərin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.“Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Müqamət Əliyev rəhbərlik etdiyi təşkilatın gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə istiqamətində fəaliyyətindən danışıb.ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxışında gənclərin sosial məsuliyyətinin artırılması, sağlam mənəvi dəyərlər əsasında formalaşdırılması və onların zərərli vərdişlərdən qorunmasında ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən bəhs edib.Tədbir narkomaniyanın fəsadları, onun qarşısının alınması və gənclər arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı fikir mübadiləsi ilə davam edib.