ABŞ-nin Florida ştatında bu ayın əvvəli yaşayış məntəqəsinə düşən özəl təyyarədə doqquz nəfər həyatını itirib. Pilotun son radio danışıqları və 20 yaşlı ikinci pilotun kimliyi məlum olub. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanmağa başladığı müəyyən edilib.
Yerli mediaya istinadən, bu faciə basketbol əfsanəsi Kobe Brayantdan futbolçu Emiliano Salaya, Rusiyanın “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojindən musiqi dünyasının tanınmış simalarına qədər böyük əks-səda doğuran hava qəzalarını yenidən gündəmə gətirib.
Baham adalarına uçan “Learjet 60” tipli özəl təyyarə Floridanın Qrinakrs şəhərində yola düşərək partlayıb. Təyyarədə olan doqquz nəfərin hamısı həyatını itirib.
Ölənlər arasında 20 yaşlı ikinci pilot Nataliya Filqeyras da olub. Pilotun təşviş içində dediyi son sözlər “Yerə çırpılacağıq” və “Vaxtımız qalmadı” olub.
Ekipaj uçuş zamanı buzlaşma və turbulentlik barədə məlumat verib. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarənin hələ havada olarkən parçalanmağa başladığını müəyyən edib. Qəzanın dəqiq səbəbi araşdırılır.
Kobe Brayant və qızı helikopter qəzasında öldü
NBA əfsanəsi Kobe Brayant, qızı Cianna və onlarla birlikdə olan daha yeddi nəfər 2020-ci ildə Kaliforniyanın Kalabasas bölgəsində qəzaya uğrayan “Sikorsky S-76B” helikopterində həyatını itirib.
Doqquz nəfərin ölümü ilə nəticələnən qəzanı araşdıran ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası pilot Ara Zobayanın sıx buludların arasına daxil olduqdan sonra məkan oriyentasiyasını itirdiyini müəyyən edib.
Pilot helikopterin yüksəldiyini düşünsə də, hava nəqliyyatı sürətlə aşağı enərək dağ yamacına çırpılıb.
Priqojinə qarşı sui-qəsd iddiası
Rusiyanın “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojini daşıyan “Embraer Legacy 600” tipli özəl təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədəki 10 nəfərin hamısı ölüb.
Priqojin Rusiya Baş Qərargahına qarşı başladığı uğursuz silahlı qiyamdan iki ay sonra həyatını itirib. ABŞ kəşfiyyatı təyyarənin qəsdən törədilmiş partlayış nəticəsində düşmüş ola biləcəyini qiymətləndirib.
Lakin qəzanın dəqiq səbəbi ictimaiyyətə açıqlanmayıb.
Emiliano Salanın təyyarəsində ölümcül qaz
Argentinalı futbolçu Emiliano Sala 2019-cu ildə Nantdan Kardiffə uçarkən La-Manş boğazına düşən “Piper Malibu” tipli özəl təyyarədə pilot Devid İbbotsonla birlikdə həlak olub.
Böyük Britaniyanın aviasiya qəzalarını araşdıran mütəxəssisləri pilotun əlverişsiz hava şəraitində idarəetməni itirdiyini və təyyarənin həddindən artıq sürət səbəbindən havada parçalandığını müəyyən ediblər.
Bundan başqa, kabinəyə sızan dəm qazının pilotun vəziyyətinə təsir göstərmiş ola biləcəyi və uçuşun tələb olunan kommersiya icazələri olmadan həyata keçirildiyi üzə çıxıb.
Müğənni Aaliyanın təyyarəsi həddindən artıq yükləndiyi üçün qəzaya uğradı
Amerikalı müğənni Aaliya 2001-ci ildə Baham adalarında klip çəkilişlərini başa vurduqdan sonra mindiyi “Cessna 402B” tipli özəl təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya uğraması nəticəsində həyatını itirib. Təyyarədə olan doqquz nəfərin hamısı ölüb.
Qəza ilə bağlı aparılan araşdırma zamanı təyyarənin maksimal uçuş çəkisini təxminən 427 kiloqram aşdığı, ağırlıq mərkəzinin təhlükəsiz hədlərdən kənarda olduğu və pilotun lazımi uçuş ixtisasına malik olmadığı müəyyən edilib.