Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrə deyil, həm də uzun illərin dostluq tarixinə, qarşılıqlı dəstəyə və ortaq maraqlara söykənir.
Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq və Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşlərində də bu münasibətlərin daha da genişləndirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas müzakirə mövzularından olub.
Ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı isə Vyetnamın baş katibinin Azərbaycana səfəri zamanı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə qoyulub. Bu, siyasi dialoqun gücləndirilməsi ilə yanaşı, iqtisadiyyat, enerji, ticarət, investisiya və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə yaxın mövqelər nümayiş etdiriblər. Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq bunun nümunəsidir.
Əlaqələrin tarixi kökləri isə daha qədimdir. 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfəri, ulu öndər Heydər Əliyevin Vyetnamla münasibətlərin inkişafına verdiyi töhfələr, eləcə də Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün ölkələrinin, xüsusilə də neft sənayesinin inkişafındakı rolu iki xalq arasında möhkəm dostluğun göstəricisidir.
Hazırda tərəflər bu tarixi əlaqələri konkret iqtisadi layihələrlə möhkəmləndirməyə çalışırlar. SOCAR xətti ilə neft-qaz əməkdaşlığı, Azərbaycanın tranzit imkanları, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutu, Vyetnam şirkətlərinin Azərbaycanda investisiya və tikinti sektoruna marağı, eləcə də ölkəmiz üzərindən region bazarlarına çıxış imkanları əməkdaşlığın perspektiv istiqamətlərindəndir.
Beləliklə, qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi dialoq Azərbaycan-Vyetnam münasibətlərini yeni mərhələyə daşımaqla dostluq əlaqələrini real iqtisadi və strateji tərəfdaşlığa çevirmək məqsədi daşıyır.