Ağdam. Trend:
Ağdam Şəhəri Günü münasibətilə şəhərdə ictimai-mədəni tədbirlər davam edir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bayram tədbirləri çərçivəsində İmarət Kompleksində yarmarka təşkil olunub.
Yarmarkada yerli istehsalçı və sahibkarların müxtəlif məhsulları nümayiş etdirilib. Qonaqlara milli mətbəxin nümunələri olan plov, qutab, şirniyyat və çay təqdim olunub.
Tədbir çərçivəsində DJ çıxışı, maskotların iştirakı ilə əyləncəli proqram və canlı milli musiqi ifaları təşkil edilib. Konsert proqramı iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Yarmarkada Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də müxtəlif qurumların rəhbər şəxsləri iştirak ediblər.
Emin Hüseynov əvvəlcə sərgi ərazisində təşkil olunan konsert proqramına qatılıb, gənclərlə birlikdə rəqs edib. Daha sonra yarmarkada nümayiş etdirilən məhsullarla tanış olub, milli mətbəx nümunələrinin dadına baxıb.
Xüsusi nümayəndə sərgi iştirakçıları ilə söhbət edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.