Berlin, 20 noyabr, AZƏRTAC Almaniyanın metal və elektrotexnika sənayesi işçilərinin həmkarlar ittifaqı təşkilatı (IG Metall) işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə çağırıb.AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif bölgələrində minlərlə işçinin qatıldığı aksiyalar nəticəsində bir sıra müəssisələrin fəaliyyətinin dayandırılması gözlənilir.Tətilin əsas səbəbi əməkhaqqının artırılması və iş yerlərinin qorunması ilə bağlı danışıqlarda razılığın əldə olunmamasıdır. “IG Metall” əməkhaqlarının 5 faiz artırılmasını, iş yerlərinin və istehsal müəssisələrinin qorunması üzrə təminatlar verilməsini tələb edir. İşəgötürənlər isə 2027-ci ilin iyulunda birdəfəlik ödəniş və 2028-ci ilin iyulundan əməkhaqlarının 1,3 faiz artırılmasını təklif edirlər.Tətillərin BMW və “Audi” avtomobil zavodları, eləcə də ölkənin digər sənaye müəssisələrini əhatə etməsi gözlənilir. Həmkarlar ittifaqı təşkilatının məlumatına görə, noyabrın əvvəlində qısamüddətli aksiyalara artıq 464 min işçi qoşulub.Ölkə üzrə təxminən 3,7 milyon nəfər metal və elektrotexnika sənayesində kollektiv əmək müqaviləsi əsasında çalışır. Bu sənaye sahəsinə avtomobil istehsalı, maşınqayırma, elektrotexnika və metal istehsalı kimi mühüm sektorlar daxildir. Tərəflər arasında danışıqların üçüncü mərhələsi də nəticəsiz başa çatdığı üçün həmkarlar ittifaqı təzyiq aksiyalarını gələn həftənin əvvəlində də davam etdirməyi planlaşdırır. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin