Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri ilə bağlı bu ölkənin mətbuatında xəbərlər, analitik yazılar yayımlanıb.
APA-nın xəbərinə görə, Vyetnamın VOV dövlət radiosu Milli Assambleyanın sədri Çan Tan Manla Prezident İlham Əliyevin görüşünü iki ölkə arasında parlamentlərarası əlaqələrin və siyasi dialoqun inkişafı baxımından təqdim edib.
“VietnamPlus”-un səfərlə bağlı materialında əsas diqqət Azərbaycan-Vyetnam münasibətlərinin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən sonra əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına yönəldilir. Nəşr qeyd edir ki, yüksək səviyyəli görüşlər siyasi etimadın möhkəmləndirilməsi, mövcud əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsi və konkret fəaliyyət planlarının müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.
“Nhân Dân” qəzeti Azərbaycanı Vyetnamın Asiya-Sakit okean regionunda əlaqələrini genişləndirməsi üçün mühüm tərəfdaş kimi qiymətləndirir. Məqalədə vurğulanır ki, iki ölkənin münasibətləri uzunmüddətli dostluq, qarşılıqlı etimad və siyasi iradəyə əsaslanır. 2025-ci ildə Strateji Tərəfdaşlığın qurulması isə iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
“Vietnam.vn” portalının materialında Azərbaycan və Vyetnam arasında tarixi dostluq əlaqələrinin müasir əməkdaşlıq perspektivləri ilə birləşdiyi qeyd olunur. Məqalənin əsas xətti iki ölkənin siyasi münasibətlərinin artıq iqtisadi və investisiya layihələri ilə daha konkret məzmun qazanmasıdır. Enerji, nəqliyyat və logistika əməkdaşlığın perspektivli istiqamətləri kimi göstərilir.
“Báo Tin tức” nəşrinin materialında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin iki ölkə arasında yüksək səviyyəli siyasi təmasların davamı olduğu vurğulanır. Yazıda Milli Assambleyanın sədri ilə görüşün parlamentlərarası əməkdaşlığın inkişafı və Strateji Tərəfdaşlıq çərçivəsində əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti önə çəkilir.
Vyetnamın parlament nəşri olan “Đại biểu Nhân dân” iki ölkənin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə diqqət yetirir. Materialda yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası təmasların Azərbaycan-Vyetnam münasibətlərinin institusional əsaslarını gücləndirdiyi vurğulanır.
“Báo Mới” portalı Prezident İlham Əliyevin Çan Tan Man ilə görüşünü Vyetnamın aparıcı siyasi rəhbərliyi ilə keçirilən mühüm təmaslardan biri kimi təqdim edir. Nəşrin materialında səfərin ümumi konteksti – iki ölkənin Strateji Tərəfdaşlıq münasibətlərini daha konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirmək niyyəti ön plana çıxarılır.
Baş nazir Le Minh Hunq ilə görüş
VOV-un məlumatına görə, Vyetnamın Baş naziri Le Minh Hunq noyabrın 20-də Hökumət binasında Prezident İlham Əliyevlə görüşüb. Görüş Azərbaycan Prezidentinin rəsmi səfəri çərçivəsində baş tutub. Nəşr görüşü iki ölkə arasında hökumətlərarası əlaqələrin inkişafı və Strateji Tərəfdaşlığın praktiki nəticələrlə möhkəmləndirilməsi kontekstində işıqlandırır.
“VietnamPlus”-un səfərlə bağlı geniş materialında Azərbaycan və Vyetnam arasında əməkdaşlığın siyasi, iqtisadi, ticarət, investisiya, enerji, təhsil və elmi-texniki sahələri əhatə etdiyi bildirilir. Vyetnam Xarici İşlər Nazirliyinin nümayəndəsinin qiymətləndirməsinə əsasən, səfər iki ölkənin strateji baxışlarını konkret layihələrə çevirmək, siyasi etimadı gücləndirmək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır.
“Nhân Dân” yazır ki, Azərbaycanla Vyetnam arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli potensial mövcuddur. Nəşrin məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 150 milyon ABŞ dollarına çatıb, 2026-cı ilin ilk səkkiz ayında isə bu göstərici 60 milyon dollara yaxın olub. Vyetnam Azərbaycana əsasən elektronika, telefon və komponentlər, eləcə də dəniz məhsulları ixrac edir, Azərbaycandan isə xam neft və neft məhsulları alır.
“Vietnam.vn” iki ölkənin enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarına diqqət çəkir. Portalın materialında Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat-logistika və enerji mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkə kimi qarşılıqlı əməkdaşlıq üçün əlverişli imkanlara malik olduğu bildirilir.
“Báo Tin tức” Baş nazir Le Minh Hunq ilə Prezident İlham Əliyevin görüşünü ikitərəfli münasibətlərin inkişafı baxımından təqdim edir. Materialda iki ölkə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsinin və Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti önə çəkilir.
“Báo Mới”-nin dərc etdiyi materialda görüş Azərbaycan-Vyetnam münasibətlərinin siyasi və iqtisadi gündəliyinin müzakirəsi kontekstində təqdim olunur. Nəşrin diqqət yetirdiyi əsas məqam iki ölkənin mövcud dostluq əlaqələrini enerji, investisiya və ticarət sahələrində daha geniş əməkdaşlığa çevirmək imkanlarıdır.
“VietnamPlus”-un məlumatında Prezident İlham Əliyevin noyabrın 20-də Hanoyda Ho Şi Min məqbərəsini ziyarət etdiyi bildirilir. Azərbaycan dövlət başçısı Vyetnamın qurucusu Ho Şi Minin xatirəsini ehtiramla yad edib və məqbərənin önünə əklil qoyub. Bu mərasim Vyetnamın müasir tarixində mühüm yer tutan şəxsiyyətə ehtiramın ifadəsi kimi təqdim olunur.
“Vietnam.vn” portalı ziyarəti Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və dostluq ənənələri ilə əlaqələndirir. Məqalənin əsas məqamı Ho Şi Minin 1959-cu ildə Bakıya səfərinin iki xalq arasında əlaqələrin tarixi rəmzlərindən biri olmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin məqbərəni ziyarəti həmin tarixi bağların davamı kimi təqdim edilir.
“Báo Mới” Prezident İlham Əliyevin Ho Şi Minin məqbərəsinə əklil qoymasını rəsmi səfərin mühüm mərasimlərindən biri kimi təqdim edir. Nəşr bu addımı Vyetnamın tarixi şəxsiyyətinə və ölkənin müstəqillik mübarizəsinin irsinə ehtiramın ifadəsi kimi işıqlandırır.
Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və enerji əməkdaşlığı
“Petrotimes”-in geniş məqaləsində Azərbaycan-Vyetnam münasibətlərinin əsasını qoyan tarixi hadisələr enerji əməkdaşlığı kontekstində təhlil edilir. Yazıda 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri xüsusi yer tutur. Həmin səfər zamanı o, Azərbaycanın neft sənayesi ilə tanış olub və Vyetnamda da güclü neft-qaz sənayesinin qurulması üçün kömək göstərilməsini istəyib. Məqalədə minlərlə vyetnamlı mütəxəssisin Azərbaycanda təhsil alması, Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin formalaşmasında iştirakı və Vietsovpetro-nun yaradılmasında bu təcrübənin rolu xatırladılır. Müasir mərhələdə isə SOCAR və PetroVietnam arasında əməkdaşlığın xam neft tədarükü ilə yanaşı, kəşfiyyat, hasilat, texniki xidmət və alternativ enerji sahələrini əhatə etmək imkanları vurğulanır.
“VietnamPlus”-un təhlilində Prezident İlham Əliyevin səfərinin əsas məqsədi 2025-ci ildə qurulmuş Strateji Tərəfdaşlığın real əməkdaşlıq layihələri ilə möhkəmləndirilməsi kimi təqdim olunur. Məqalədə Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri iki ölkənin dostluq tarixində mühüm mərhələlər kimi xatırladılır. Müəlliflər enerji, ticarət və digər sahələrdə yeni imkanların yaranmasına diqqət çəkirlər.
“Nhân Dân” qəzetinin məqaləsində Azərbaycan Vyetnamın Asiya-Sakit okean regionunda əlaqələrinin genişləndirilməsi üçün mühüm tərəfdaş kimi xarakterizə olunur. Yazıda iki ölkənin 1950–1960-cı illərdən başlayan dostluq tarixindən, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından və 2025-ci ildə Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən bəhs edilir. Məqalədə 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon dollara yaxınlaşdığı, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 60 milyon dollar təşkil etdiyi bildirilir.
“Vietnam.vn”-in məqaləsində iki ölkənin münasibətləri Xəzər sahilindəki neft yataqlarından müasir günəş və külək enerjisi layihələrinə qədər uzanan əməkdaşlıq tarixi kimi təqdim edilir. Yazıda Ho Şi Minin Bakıya səfəri ilə başlayan əlaqələrin bu gün Azərbaycan və Vyetnam şirkətlərinin investisiya təşəbbüsləri ilə yeni mərhələyə keçdiyi vurğulanır. Prezident İlham Əliyevin səfəri isə tarixi dostluğun yeni iqtisadi və siyasi imkanlara çevrilməsi üçün fürsət kimi qiymətləndirilir.
“BACNINHTV”-nin materialında iki ölkə arasında otuz ildən artıq müddətdə formalaşmış əməkdaşlığın siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslandığı bildirilir. Məqalədə münasibətlərin yalnız diplomatik təmaslarla məhdudlaşmadığı, müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğu vurğulanır. Strateji Tərəfdaşlıq bu əlaqələrin daha sistemli və nəticəyönümlü inkişafı üçün mühüm çərçivə kimi qiymətləndirilir.
Vietnam News Agency – Prezident İlham Əliyevin müsahibəsi
Vyetnam Xəbər Agentliyinə müsahibəsində Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin tarixi köklərinə toxunaraq Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin xüsusi əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanın Vyetnamın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi, 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon dolları ötməsini, SOCAR ilə PetroVietnam arasında əməkdaşlığı və Orta Dəhliz vasitəsilə Vyetnam mallarının Avropa bazarlarına çıxarılması imkanlarını vurğulayıb. O, həmçinin iki ölkə arasında təhsil, mədəniyyət və humanitar əlaqələrin geniş tarixə malik olduğunu bildirib.