Samuxda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Samux rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində yerləşən Heydər Parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq, başda Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov olmaqla, bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Firdovsi Əliyev çıxışında Azərbaycan Respublikasında ədliyyə orqanlarının formalaşması və inkişafı tarixindən, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlardan, ədliyyə sisteminin müasir inkişaf mərhələsindən və qarşıda duran vəzifələrdən geniş bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində Azərbaycanda hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Dövlət başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə, şəffaflığın və səmərəliliyin artırılmasına, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradıb.

Sonda rayon ərazisində xidməti fəaliyyətlərində fərqlənən ədliyyə əməkdaşları Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.