Yeni Azərbaycan Partiyası: Heydər Əliyev ideyalarından İlham Əliyevin liderliyinə

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

21 noyabr 1992-ci il Azərbaycan siyasi tarixində ölkənin mürəkkəb ictimai-siyasi böhran şəraitində gələcək inkişaf istiqamətinin müəyyənləşdirildiyi mühüm mərhələdir. Həmin dövrdə dövlət müstəqilliyi ciddi sınaqlarla üz-üzə qalmış, siyasi qeyri-sabitlik, idarəçilik böhranı və cəmiyyətdəki parçalanma ölkənin gələcəyi ilə bağlı narahatlıqları artırmışdı. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması siyasi zərurətdən doğan, xalqın sabitlik, güclü dövlətçilik və milli həmrəylik axtarışına cavab verən tarixi hadisə idi.

Partiyanın yaranmasına gedən yol Azərbaycanın tanınmış ziyalılarının təşəbbüsü ilə başladı. 1992-ci il oktyabrın 16-da ölkənin müxtəlif bölgələrini və ictimai təbəqələrini təmsil edən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək onu yeni siyasi təşkilata rəhbərlik etməyə dəvət etdi. Bu müraciətə cavabında Heydər Əliyev partiyanın yaradılmasını müstəqil Azərbaycanın siyasi həyatının obyektiv tələbi kimi qiymətləndirərək yazırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Bu cavab həm yeni siyasi təşkilatın yaranmasına verilən prinsipial dəstək, həm də partiyanın qarşısında duran tarixi missiyanın aydın ifadəsi idi. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında 550 nəfərdən ibarət təşəbbüs qrupunun nümayəndələri bir araya gələrək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul etdilər, partiyanın Nizamnamə və Proqramını təsdiqlədilər, Heydər Əliyevi yekdilliklə sədr seçdilər. Beləliklə, ölkənin ağır siyasi böhran yaşadığı bir vaxtda yeni siyasi qüvvə meydana çıxdı.

Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddətdə cəmiyyətin geniş təbəqələrini birləşdirən aparıcı siyasi qüvvəyə çevrildi. Yarandığı dövrdə müxalifət partiyası olsa da, ölkənin milli maraqlarını, dövlətçiliyin möhkəmləndirilməsini və siyasi sabitliyi əsas tutaraq konstruktiv mövqe nümayiş etdirdi. Partiyanın siyasi fəlsəfəsi qarşıdurma deyil, dialoq və əməkdaşlıq, dağıdıcılıq deyil, quruculuq prinsipləri üzərində formalaşdı. Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri də təşkilatın yalnız konkret dövrün siyasi ehtiyaclarına deyil, uzunmüddətli dövlətçilik hədəflərinə xidmət etdiyini ifadə edirdi.

Yeni Azərbaycan Partiyasının inkişafında növbəti mühüm mərhələ İlham Əliyevin rəhbərliyə gəlməsi ilə bağlıdır. 2005-ci il martın 26-da keçirilən III qurultayda İlham Əliyev partiyanın sədri seçildi və YAP-ın siyasi fəaliyyətində yeni mərhələ başlandı. Bu dövrdə partiya təşkilati baxımdan yeniləndi, cəmiyyətlə əlaqələrini genişləndirdi və ölkənin siyasi həyatında aparıcı mövqeyini qoruyaraq inkişaf etdirdi. İlham Əliyevin “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri partiyanın yaranmasını Azərbaycanın sonrakı siyasi və tarixi uğurlarının başlanğıc nöqtəsi kimi dəyərləndirir.

Partiyanın müasir inkişaf xəttinin formalaşmasında 2021-ci il martın 5-də keçirilən VII qurultay xüsusi əhəmiyyət daşıdı. Qurultayda təşkilati strukturun yenilənməsi istiqamətində qərarlar qəbul edildi, Nizamnaməyə dəyişikliklər edildi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası müəyyənləşdirildi. Həmin gün Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də təşkilati yenilənmənin mühüm addımlarından biri oldu.

2021-ci il dekabrın 29-da İdarə Heyəti tərəfindən təsdiqlənən yeni Proqram YAP-ın ideoloji və strateji hədəflərini sistemləşdirdi. Beş fəsildən ibarət sənəddə Heydər Əliyev siyasi irsinə sadiqlik, müstəqilliyin və dövlətçiliyin qorunması, azərbaycançılıq, hüququn aliliyi, davamlı inkişaf, sosial ədalət, insan kapitalı, multikulturalizm və demokratik ənənələrin möhkəmləndirilməsi əsas prinsiplər kimi müəyyənləşdirildi. Proqramın strateji istiqamətləri isə güclü iqtisadiyyatın qurulmasından və şəffaflığın artırılmasından tutmuş vətəndaş cəmiyyətinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına, ordu quruculuğuna və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa qədər geniş sahələri əhatə edir.

Bu hədəflərin mərkəzində insan amili, milli maraqlar və güclü dövlət ideyası dayanır. Peşəkarlıq, sağlam rəqabət, etik davranış, innovativ düşüncə, elmi dünyagörüşü və müasirlik partiyanın fəaliyyətində əsas dəyərlər kimi önə çəkilir. YAP-ın siyasi xəttində Heydər Əliyev irsinin davam etdirilməsi ilə yanaşı, dəyişən dövrün tələblərinə uyğun yenilənmə və inkişaf da mühüm yer tutur.

İlham Əliyevin rəhbərliyi dövründə partiyanın siyasi dialoq və konstruktiv əməkdaşlıq xətti də diqqət çəkən istiqamətlərdən birinə çevrilib. Dövlət və cəmiyyət həyatına aid məsələlərdə ümumi milli maraqların üstün tutulması vacib prinsip kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri də siyasi mövqelərin müxtəlifliyinə baxmayaraq, dövlətin taleyinə və milli maraqlara aid məsələlərdə birliyin vacibliyini ifadə edir.

YAP-ın ölkənin siyasi həyatındakı mövqeyi seçkilərdə qazandığı nəticələrdə də özünü göstərir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində partiyanın namizədi İlham Əliyev 92,12 faiz səs topladı. Həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində YAP-ı təmsil edən 68 namizəd deputat seçildi, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın 5 855 nümayəndəsi bələdiyyə üzvü oldu. Bu nəticələr partiyanın seçki prosesindəki fəallığını və təşkilati imkanlarını əks etdirir. Hazırda YAP-ın üzvlərinin sayının 769 811 nəfərə çatması da onun geniş ictimai bazaya malik olduğunu göstərir.

İlham Əliyev VIII qurultayda partiyanın fəaliyyətini ölkənin siyasi və geosiyasi reallıqları kontekstində qiymətləndirərək bildirmişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. 2026-cı il oktyabrın 2-də keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra baş tutan ilk qurultay kimi xüsusi siyasi məna daşıyırdı. Tədbirdə Nizamnaməyə dəyişikliklər edildi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi müəyyənləşdirildi.

Partiyanın fəaliyyətinin miqyası və siyasi çəkisi barədə danışan İlham Əliyev VIII qurultayda YAP-ın yalnız ölkə daxilində deyil, regionda da aparıcı siyasi qüvvələrdən biri olduğunu vurğulayaraq demişdir: “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

Bu gün 769 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını müasir dövrün çağırışlarına uyğun davam etdirir. İlham Əliyevin “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikri partiyanın dövlət quruculuğunda iştirakını və siyasi proseslərdəki rolunu xarakterizə edir. Eyni zamanda, “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” bəyanatı YAP-ın ideoloji varislik prinsipinə sadiqliyini ifadə edir.

Yeni Azərbaycan Partiyasının 34 ilə yaxın siyasi yolu göstərir ki, onun yaranması bir dövrün böhranına verilən siyasi cavab olmaqla məhdudlaşmayıb; partiya müstəqil dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitliyin qorunması və Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynayan təşkilata çevrilib. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun davam etdirilməsi isə partiyanın siyasi fəaliyyətinin əsas istiqamətini təşkil edir. YAP-ın tarixi təcrübəsi, təşkilati potensialı və qarşıya qoyduğu strateji hədəflər onun Azərbaycan siyasi sistemindəki yerini müəyyən edən başlıca amillərdir.