Süni intellekt orta müddətli iqtisadi artımın əsas amilinə çevrilir - BVF rəhbəri

Süni intellektin (AI) sürətli inkişafı qlobal iqtisadi artıma mühüm töhfə verməklə yanaşı, ölkələrin rəqabət qabiliyyətini, məhsuldarlığını və orta müddətli inkişaf perspektivlərini müəyyən edən əsas amilə çevrilir. Bununla belə, enerji təchizatındakı problemlər, inflyasiyanın yüksəlməsi və dövlət borcunun artması dünya iqtisadiyyatı üçün ciddi çağırışlar olaraq qalır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva Çinin Şençjen şəhərində keçirilən 2026-cı il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) İqtisadi Liderlərinin Görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2026-cı il süni intellektin qlobal iqtisadi artıma nəzərəçarpacaq təsir göstərdiyi ilk il kimi yadda qalır. AI texnologiyalarının yaratdığı iqtisadi sürətlənmə Yaxın Şərqdəki qeyri-sabitlik nəticəsində yaranan enerji təchizatı şokunun mənfi təsirlərini qismən kompensasiya edib.

K.Georgiyeva vurğulayıb ki, enerji təchizatındakı şok zamanla zəifləyəcək, lakin süni intellektin iqtisadiyyata təsiri uzunmüddətli xarakter daşıyacaq.

"Enerji şoku nəhayət aradan qalxacaq, süni intellekt isə daim bizimlə olacaq. Bu texnologiya orta müddətli perspektivdə rəqabət qabiliyyəti, məhsuldarlıq və iqtisadi artım üçün ən mühüm amilə çevrilir", – deyə BVF rəhbəri qeyd edib.

O bildirib ki, bir sıra ölkələrdə süni intellektin təsiri ilə iqtisadi fəallığın sürətlənməsi nəticəsində 2026-cı ildə qlobal iqtisadi artım 3,1%, APEC ölkələri üzrə isə 3,4% səviyyəsində proqnozlaşdırılır. Onun sözlərinə görə, bu göstəricilər gözlənilən mənfi ssenarilərdən daha yaxşı olsa da, iqtisadiyyatların ehtiyac duyduğu artım tempindən aşağıdır.

K.Georgiyeva qlobal ticarətin də müsbət dinamika nümayiş etdirdiyini bildirib. Belə ki, süni intellektə investisiya bumu və bəzi ölkələrin regional ticarət inteqrasiyasını dərinləşdirməsi nəticəsində 2026-cı ildə dünya ticarətinin 4,6% artdığı qeyd olunub. Hazırda süni intellekt üçün avadanlıqlar və əlaqəli texnoloji məhsullar dəyər ifadəsində dünya mal ticarətinin 10%-dən çoxunu təşkil edir və bu pay sürətlə artır.

BVF rəhbəri eyni zamanda qlobal iqtisadi artımın ölkələr üzrə fərqli mənzərə yaratdığına diqqət çəkib. Onun sözlərinə görə, APEC üzvlərinin bir qismi yüksək enerji xərcləri, güclü El-Ninyo iqlim hadisəsi və digər amillərin mənfi təsirləri ilə üzləşdiyi halda, enerji ixracatçıları və qlobal süni intellekt təchizat zəncirinə daha sıx inteqrasiya olunmuş ölkələr bu prosesdən faydalanır.

K.Georgiyeva çıxışında qlobal iqtisadiyyat qarşısında duran əsas siyasət çağırışlarını üç istiqamət üzrə qruplaşdırıb: inflyasiya və faiz dərəcələri, dövlət borcu və büdcə kəsirləri, eləcə də iqtisadi artımı sürətləndirən struktur islahatları.

O bildirib ki, həm enerji təchizatındakı şok, həm də süni intellektə tələbin artması qlobal inflyasiyanın yüksəlməsinə səbəb olur. BVF rəhbərinin təqdim etdiyi göstəricilərə əsasən, 2026-cı ildə qlobal inflyasiyanın 4,7%-ə çatacağı gözlənilir.

Bu şəraitdə bir çox ölkədə pul-kredit siyasətinin sərtləşdirilməsinə ehtiyac yaranır. Süni intellektlə əlaqəli iqtisadi artım gözləntiləri, dövlət və özəl sektorun istiqraz emissiyalarının yüksək həcmi də inflyasiya təzyiqləri ilə birlikdə faiz dərəcələrinin artmasına təsir göstərir. Nəticədə bir sıra inkişaf etmiş ölkələrdə istiqrazların gəlirliliyi son onilliklərin ən yüksək səviyyələrinə çatıb.

BVF rəhbəri yüksək faiz dərəcələrinin dövlət borcuna xidmət xərclərini artırdığını və dövlət maliyyəsinin dayanıqlılığı məsələsini daha da aktuallaşdırdığını vurğulayıb.

Onun sözlərinə görə, qlobal dövlət borcunun yaxın zamanda ÜDM-in 100%-ni keçəcəyi gözlənilir. Bu, İkinci Dünya müharibəsindən bəri qeydə alınacaq ən yüksək səviyyə olacaq.

K.Georgiyeva zəruri hallarda dövlət maliyyəsinin sağlamlaşdırılması üçün düzəldici tədbirlərin gecikdirilməməsinin vacibliyini bildirib.

BVF rəhbəri iqtisadi məhsuldarlığın və artımın yüksəldilməsi üçün struktur islahatlarının, xüsusilə süni intellektin tətbiqinin və kapital bazarlarının inkişafının əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, texnoloji transformasiya iqtisadiyyatlara təsir sürətinə görə əvvəlki dövrlərdən fərqlənir və ölkələrin müvafiq siyasət tədbirlərini sürətlə həyata keçirməsini zəruri edir.

"Sadə dillə desək, gecikən uduzur", – deyə K.Georgiyeva bildirib.

Onun fikrincə, ölkələr süni intellektin tətbiqinə hazır rəqəmsal infrastruktura, əmək bazarına və işçi qüvvəsinə malik olmalı, eyni zamanda maliyyə sabitliyi və kibertəhlükəsizliklə bağlı riskləri minimuma endirməlidirlər.