Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan və İraq türkmanları arasında tarix, dil, ədəbiyyat və mədəniyyət baxımından mövcud olan bağlılıq onların ortaq etnik və mənəvi köklərdən qaynaqlandığını göstərir. Bu əlaqələrin elmi əsaslarla araşdırılması ortaq tarixi yaddaşın bərpası və iki xalq arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bunu Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan və İraq türkmanlarının ortaq tarixi Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin yaranması ilə də sıx bağlıdır. Həmin dövlətlərin qurulmasında iştirak etmiş tayfaların tarixi kökləri, eləcə də xalqların folklorunda, nağıllarında və şifahi xalq ədəbiyyatında qorunub saxlanılan oxşarlıqlar bu bağlılığın mühüm göstəricilərindəndir. İraq türkmanlarının folklorunda Azərbaycan, Gəncə və Qarabağ haqqında bayatıların mövcudluğu ortaq tarixi yaddaşın ifadəsidir.Assosiasiya sədri vurğulayıb ki, tarixin müxtəlif dövrlərində baş verən siyasi proseslər, işğallar və dövlət sərhədlərinin dəyişməsi nəticəsində Azərbaycan xalqı və İraq türkmanları arasında əlaqələr müəyyən müddət zəifləyib. Azərbaycanın müstəqillik əldə etməsi və İraqda baş verən siyasi dəyişikliklərdən sonra isə qarşılıqlı səfərlər, elmi araşdırmalar və mədəni tədbirlər vasitəsilə bu münasibətlər yenidən inkişaf etməyə başlayıb.Çıxışında elmi əməkdaşlığın əhəmiyyətini vurğulayan Elçin Əsgərov konfrans çərçivəsində təqdim olunacaq “Türkman dili” dərsliyinə də diqqət çəkib. Bildirib ki, ərəb qrafikası ilə hazırlanmış bu nəşr İraq türkmanlarının dilinin öyrənilməsi və tədqiqi baxımından əhəmiyyətlidir.Elçin Əsgərov qeyd edib ki, Azərbaycan və İraq türkmanları arasında elmi, ədəbi və mədəni əlaqələrin inkişafı, ortaq irsin araşdırılması, tədqiqatçıların qarşılıqlı fəaliyyəti və bu sahədə birgə layihələrin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən olmalıdır. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Nicat Haşımov