Noyabrın 19-da Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində Niderland və Avstriya səfirliklərinin binalarına ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Niderlandın xarici işlər naziri Tom Berendsen diplomatik nümayəndəliyin arxasında yerləşən binaya mərmi düşdüyünü və səfirliyə cüzi ziyan dəydiyini bildirib. Niderland XİN Rusiya səfirini izahat vermək üçün çağırıb.
Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger isə Kiyevə hücumların intensivləşməsi səbəbindən əlavə təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verdiyini açıqlayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hücum zamanı Rusiya pilotsuz uçuş aparatının qalıqlarının Braziliya səfirliyinin ərazisinə düşdüyünü də bildirib. Səfirliyin binasına ziyan dəyməyib, xəsarət alan olmayıb.
Kiyevə hücumlar nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaşayış və qeyri-yaşayış binalarına, eləcə də yanğın-xilasetmə bölməsinə ziyan dəyib. Altı mərtəbəli binada baş verən yanğın zamanı biri yeniyetmə olmaqla iki nəfər xilas edilib. Vladimir kilsəsinin pəncərələri və avtomobillər də zərər görüb.
Hücumlar Ukraynanın digər bölgələrində də insan tələfatına səbəb olub. Kiyev vilayətində 44 yaşlı qadın, Zaporojye vilayətində isə bir nəfər həlak olub. Xarkov vilayətinin İzyum şəhərində yaşayış binasına zərbə nəticəsində dördü uşaq olmaqla 21 nəfər yaralanıb. Xarkov şəhərində isə ikisi yeniyetmə olmaqla yeddi nəfər xəsarət alıb. Dnepropetrovsk vilayətinin Nikopol rayonunda da bir nəfər ölüb.