Baş nazir Azərbaycana qarşı ərazi iddiası ilə bağlı xəbərdarlıq etdi

“Daşnaksütyun”un proqramında “vahid Ermənistanın azad edilməsi” (Azərbaycan və Türkiyəyə qarşı qarşı ərazi iddiası - red.) partiyanın məqsədi kimi göstərilir. Bu, müharibə məntiqidir”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Hökumət başçısı “Daşnaksütyun”un deputatının “Bizim arzulamağa haqqımız yoxdurmu?” sözünə də diqqət çəkib: “Siz başqalarının torpaqları barədə arzulayanda, başqaları da sizin torpaqlarınız barədə arzulayır. Siz “Qərbi Ermənistan” deyəndə, onlar da Qərbi Azərbaycan və Şərqi Türkiyə haqqında danışacaqlar”.

Paşinyanın sözlərinə görə, yeni konstitusiyanın qəbuluna qarşı çıxan və (ərazi iddiasının yer aldığı - red.) Müstəqillik Bəyannaməsinin müdafiə edən siyasi qüvvələr Ermənistanda “müharibə və münaqişə DNT-si”ni qorumaq və saxlamaq məntiqi ilə çıxış edirlər:

“Öz arzunuzla başqalarına sizin arzunuzu dayandırmaq üçün legitimlik verirsiniz. Üstəlik, bu, müəyyən legitimliyə malik olur, çünki söhbət beynəlxalq səviyyədə tanınmış ərazilərdən gedir. Biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizlə bağlı arzular qurmaq sərhədini aşdıqda, başqalarına da beynəlxalq səviyyədə tanınmış ərazimizlə bağlı arzular qurmaq imkanı veririk”.