“İnkişaf etmiş ölkələrdə sərnişinlərin təyinat yerinə cəmi bir neçə dəqiqə gecikməsi belə, xidmətin keyfiyyəti baxımından ciddi qəbul edilir, bəzi hallarda üzrxahlıq edilir və kompensasiya mexanizmləri tətbiq olunur...”
Politoloq Əli Orucov paytaxt Bakıda ictimai nəqliyyatın fəaliyyətində müşahidə olunan problemlər, avtobusların texniki vəziyyəti, hərəkət qrafikinin pozulması və sürücülərin sərnişinlərlə davranışı ilə bağlı narazılıqlarını bildirib.
O, Moderator.az-a açıqlamasında qeyd edib ki, Bakı şəhərində sərnişindaşıma sektoruna dövlət büdcəsindən hər il milyonlarla manat subsidiya ayrılsa da, gedişhaqları dəfələrlə artırılsa da, bu sahədə müsbət istiqamətdə ciddi dəyişikliklər müşahidə olunmur:
“Göstərilən xidmətin səviyyəsi aşağıdır. Xəttə çıxan avtobusların bir çoxu texniki cəhətdən nasaz vəziyyətdə olur, hətta yolun ortasında sıradan çıxaraq hərəkəti dayandırırlar. Bu isə həm sərnişinlərin vaxtında və rahat şəkildə mənzil başına çatmasına, həm də bütövlükdə şəhər nəqliyyatının ahənginə ciddi problemlər yaradır.
Anlamaq olmur ki, avtobuslar xəttə buraxılmazdan əvvəl niyə lazımi texniki müayinədən keçirilmir? Sərnişinlərin ən çox narazılıq doğuran məsələlərindən biri də avtobusların müəyyən edilmiş hərəkət qrafikinə və intervallarına uyğun fəaliyyət göstərməməsidir. Bəzən sərnişinlər dayanacaqlarda 30-40 dəqiqə marşrut gözləməli olurlar. İşdən, məktəbdən və universitetdən yorğun çıxan insanlar isə məcburən sıxlıq və dözülməz şəraitdə hərəkət etməli olurlar...
Yeri gəlmişkən, avtobus sürücülərinin bir çoxunun etik və ictimai davranış qaydalarına əməl etmədiyini, sərnişinlərlə münasibətdə kobudluğa yol verdiyini də qeyd etmək istərdim. Sürücülərlə sərnişinlər arasında münaqişə və qarşıdurmalar, demək olar ki, gündəlik hala çevrilib.
İctimai nəqliyyat vasitələrinin sürücülüyü spesifik peşədir. Bu işə adamlar seçilərkən onların sağlamlıq vəziyyəti və psixoloji durumu mütləq nəzərə alınmalıdır. Sürücülərə nəzakət, ünsiyyət və davranış qaydaları öyrədilməli, zərurət yarandıqda bu istiqamətdə mütəmadi maarifləndirmə aparılmalıdır.
Bir müddət əvvəl 61 saylı marşrut avtobusunun sürücüsü sərnişinlərin təkidli tələblərinə və narazılığına baxmayaraq, avtobusu idarə etməkdən imtina etmişdi. Buna səbəb sərnişinlərdən biri ilə arasında yaranan mübahisə olmuşdu. Sürücü həmin sərnişin avtobusdan düşməyəcəyi təqdirdə hərəkəti davam etdirməyəcəyini bildirmişdi. Belə çıxır ki, bir sürücü şəxsi mübahisəyə görə 50-60 sərnişinin vaxtını itirməyə, onların hüquqlarını və rahatlığını pozmağa özündə haqq görür. Bəs buna nə dərəcədə yol vermək olar? Belə sürücülər, görünür, öz rəhbərliklərinin himayəsinə arxalanır və cəzasız qalacaqlarına əmin olurlar.
AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) məsul şəxslərindən biri metroda tikinti işləri ilə əlaqədar yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə müəyyən marşrutlarda avtobus xidmətinin pulsuz təşkil edilməsinin mümkün nəticələrindən danışarkən bildirib ki, bu halda sərnişinlər gedişhaqqı ödəmək üçün avtobuslara üz tutacaqlar. Lakin həmin məmur və digər aidiyyəti şəxslər bir məqamı nəzərə almaq istəmirlər: sərnişin üçün vaxt ən qiymətli resurslardan biridir.
Tutaq ki, sərnişin “28 May” stansiyasından “Nizami”yə, yaxud daha uzaq məsafədə yerləşən “Dərnəgül” stansiyasına metro ilə maksimum 5-20 dəqiqəyə çata bilir. Eyni məsafəni avtobusla qət etmək isə 30-50 dəqiqə çəkir. İnkişaf etmiş ölkələrdə sərnişinlərin təyinat yerinə cəmi bir neçə dəqiqə gecikməsi belə, xidmətin keyfiyyəti baxımından ciddi qəbul edilir, bəzi hallarda üzrxahlıq edilir və kompensasiya mexanizmləri tətbiq olunur. Bakıda isə yerüstü ictimai nəqliyyat qurumları sərnişinləri saatlarla gözlədir, onların vaxtını itirir və yaranmış narahatlığa adekvat münasibət göstərmirlər.
Ona görə də bu sektorda ciddi nizam-intizam və qayda-qanun yaradılmalıdır. İşinin öhdəsindən gəlməyi bacaran, peşəkar və məsuliyyətli şəxslərə vəzifələr həvalə edilməlidir. Əks təqdirdə, milyonlarla manat dövlət vəsaiti səmərəsiz xərclənməkdə, mümkün mənimsəmə halları ilə bağlı suallar cavabsız qalmaqda, paytaxt sakinləri isə keyfiyyətsiz və narahat nəqliyyat xidmətindən əziyyət çəkməkdə davam edəcəklər.
Şəhərin sərnişindaşıma sektorunda illərdir davam edən özbaşınalıq və biabırçı vəziyyətdən insanlar artıq bezib, cana doyublar”, – deyə Əli Orucov vurğulayıb.