Bakı, 20 noyabr, AZƏRTAC Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Azərbaycan özünün müasir tarixində ən mühüm strateji hədəflərini reallaşdırıb: ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Lakin bu Zəfərin əhəmiyyəti yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yekunlaşmır. O, Azərbaycan dövlətinə və xalqına real potensialını, imkanlarını büruzə vermək üçün yeni fürsətlər yaradıb. Son 6 il ərzində Azərbaycanın iqtisadi imkanları genişlənib, təhlükəsizlik və müdafiə bacarıqları güclənib, beynəlxalq münasibətlər sistemində mövqeləri möhkəmlənib, diplomatik platformalarda iştirakı və nailiyyətləri əhəmiyyətli dərəcədə artıb. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.O bildirib ki, Vətən müharibəsinin nəticələri ümumilikdə regionda qüvvələr nisbətini dəyişib. Azərbaycanın regional liderlik mövqeləri möhkəmlənib. Bu vəziyyət təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və postsovet məkanı üçün yeni reallıqlar formalaşdırır. 44 günlük müharibədə qazanılan Qələbə ilə sübut olundu ki, güclü dövlətçilik strategiyasına əsaslanan siyasət yürütməklə, milli maraqları müdafiə etmək, tarixi nəticələr qazanmaq mümkündür. “Zəfərin qazanılmasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeləri də möhkəmlənib, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlər yeni səviyyəyə yüksəldib. Çinlə Hərtərəfli Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat, ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Avropa İttifaqı ilə 2022-ci ildə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əldə edilib. Bu sənədlər Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndiyini nümayiş etdirir. Azərbaycanın bugünkü mövqelərini xarakterizə edən məqamlardan biri də “orta güc” kateqoriyasına yer tutmasıdır. Bu, Azərbaycanın regional və qlobal proseslərə təsir imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətlidir. Ölkəmizin müxtəlif beynəlxalq platformalarda iştirakı, enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarına töhfəsi, sülh təşəbbüslərinə dəstəyi onun potensialının konkret təzahürləridir. Azərbaycan artıq öz problemlərinin həlli ilə məşğul olan dövlət deyil, həm də regional və beynəlxalq təşəbbüslər irəli sürən aktordur. Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoyub. Zəfər təkcə keçmişin qürurverici hadisəsi deyil, həm də Azərbaycanın gələcəyini müəyyən edən strateji başlanğıcdır”, - deyə M.Ələsgərli əlavə edib.