Hacıqabulda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 34 il Zəfər və İnkişaf Yolu” adlı tədbir keçirilib.

FaktorNews xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, partiya veteranları, ziyalılar, ərazi partiya təşkilatlarının sədrləri və gənc fəallar iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzdülər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov iştirakçıları əlamətdar yubiley münasibətilə təbrik edib və geniş məruzə ilə çıxış edib. O, 1992-ci ilin payızında ölkədə hökm sürən xaos və ağır böhran şəraitində “91-lər”in müraciəti və Ümummilli Lider Heydər Əliyevin tarixi qətiyyəti ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının dövlətçiliyimizin xilası baxımından misilsiz əhəmiyyətini vurğulayıb.

İsmayıl İbrahimov qeyd edib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Məruzədə həmçinin cari ilin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII Qurultayında dövlət başçısının müəyyən etdiyi yeni strateji hədəflərdən, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsindən, informasiya təhlükəsizliyinin qorunmasından və Hacıqabul rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrdən bəhs olunub.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli yolundan danışaraq bildirib ki, partiya yarandığı gündən xalqın etimadını qazanaraq ölkəmizin hərtərəfli inkişafında aparıcı rol oynayıb. O, Hacıqabul rayonunun ictimai-siyasi və sosial-iqtisadi həyatında YAP rayon təşkilatının fəal iştirakını yüksək qiymətləndirib və partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra tədbirdə partiya veteran, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, partiya fəalı, Qarasu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Zərəngiz Abasova, Hacıqabul rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Elşən Quliyev və gənc YAP fəalı Hacıqabul şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Elnarə Rəhimova çıxış ediblər. Çıxışlarda partiyanın keçdiyi inkişaf yoluna nəzər salınıb, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, aqrar və təhsil sahələrindəki islahatlara yekdil dəstək ifadə olunub.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək tədbir iştirakçılarını partiyanın 34 illik yubileyi münasibətilə təbrik edib. O, cari ilin oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin tam suverenliyinin bərpasından sonra baş tutan ilk qurultay kimi müstəsna tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Əli Axundov qeyd edib ki, qurultayda Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bütün yerli təşkilatların gələcək fəaliyyəti üçün yol xəritəsidir. O, qarşıdakı dövrdə “Böyük Qayıdış” proqramının icrasına dəstək, ideoloji və informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də partiya intizamının daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrdən bəhs edərək, YAP Hacıqabul rayon təşkilatının bu tapşırıqların yerinə yetirilməsində fəal rol oynayacağına əminliyini ifadə edib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb