Bakı, 19 noyabr, AZƏRTAC Yazmağa təxminən 2004–2005-ci illərdə başlamışam. Həmin vaxtdan arzularımı, düşüncələrimi və içimdə yaşatdığım hissləri vərəqlərə köçürürəm. Ən böyük arzularımdan biri yazdıqlarımın nə vaxtsa kitab halında nəşr olunaraq oxuculara çatması idi. “Hekayələr sehrində” kitabımın işıq üzü görməsi ilə bu arzum gerçəkləşib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Hekayələr sehrində” kitabının müəllifi, yazıçı Ülkər Ayçiçək deyib.Kitabın yaranma tarixçəsinə toxunan yazıçı bildirib ki, nəşrdə avtobioqrafik hekayə də yer alıb.“Həmin dövrdə xəstəliyimlə əlaqədar müalicə alır, ayağa qalxacağıma böyük ümid bəsləyirdim. Bu arzum gerçəkləşməsə də, arzularıma başqa bir yolla qovuşduğumu düşünürəm”, – deyə o əlavə edib.Yaradıcılıq prosesindən danışan yazıçı qeyd edib ki, hekayələri yazarkən əvvəlcə onların adlarını müəyyənləşdirir, sonra obrazları beynində canlandıraraq qələmə alır.Ülkər Ayçiçəyin sözlərinə görə, kitabda müxtəlif insanların həyat hekayələrinə, vətənpərvərlik, ümid və arzulara qovuşmaq mövzularına toxunulur.“Oxuculara əsas tövsiyəm özlərini qəbul etmələri və özləri ilə barışmalarıdır. İnsan özünü olduğu kimi qəbul etməyi bacarmalıdır. Mənə elə gəlir ki, insan özü ilə barışdıqda cəmiyyət də onu qəbul edir. Bu fikrə hekayələrimin bir çoxunda da yer vermişəm”, – deyə yazıçı vurğulayıb. Müxbir - Günel Alıyeva
Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı
Mənbə: azertag.az/xeber/yazdiqlarimin_oxuculara_chatmasi_en_boyuk_arzularimdan_biri_idi___yazichi-4517085