Rusiya prezidenti Vladimir Putin Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşünün “Yalta 2.0” adlandırıla biləcəyi ilə bağlı suala gülümsəyərək təsdiqləyici şəkildə başını tərpədib.
Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Bildirilir ki, sualı görüşdən əvvəl “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov jurnalistlər arasından səsləndirib.
O, dəyirmi masa arxasında əyləşmiş Rusiya prezidentinə “Vladimir Vladimiroviç, Yalta 2.0-a bənzəyir?” deyə müraciət edib.
Putin sualı eşidib, gülümsəyib və razılıq əlaməti olaraq başını tərpədib. Həmin anın görüntüləri “Kommersant”ın telegram kanalında paylaşılıb.
Qeyd edək ki, tarixdə ilk dəfə baş tutan bu üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində keçirilib.
Açılış hissəsi 10 dəqiqədən artıq davam edən danışıqlarda hər üç lider çıxış etdikdən sonra görüş qapalı qapılar arxasında davam edib.
Putin çıxışında Rusiya, ABŞ və Çinin qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq hüquq sisteminin qorunması üzrə birgə məsuliyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, mediada Şençjen danışıqlarının “Yalta 2.0” ilə müqayisə edilməsi İkinci Dünya müharibəsinin son mərhələsində, 1945-ci ildə SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin (İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçill) iştirakı ilə keçirilmiş və müharibədən sonrakı dünya nizamının əsas konturlarını müəyyənləşdirmiş Yalta konfransına istinadla irəli sürülür.