Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və kinooperator, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun anadan olmasının 90 illiyi qeyd olunub. Fonddan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi ilə tanış olublar.Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verib. Tədbirdə Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər. Sonda sənətkarın ailəsi adından çıxış edən Əməkdar jurnalist Nadejda İsmayılova tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rasim İsmayılovun 1964-cü ildə çəkdiyi “Şəhər ritmləri” sənədli filmi, rejissor və operator kimi lentə aldığı bədii filmlərdən fraqmentlər nümayiş etdirilib.
Bakıda görkəmli kinorejissor Rasim İsmayılovun xatirəsi anılıb VİDEO
Mənbə: azertag.az/xeber/bakida_gorkemli_kinorejissor_rasim_ismayilovun_xatiresi_anilib_video-4516158