Bakı, 19 noyabr, AZƏRTACBeynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) hakimlərin və futbolçuların danışılmış oyunların təşkili cəhdləri və futbol yarışlarının dürüstlüyünə xələl gətirən digər pozuntular barədə anonim məlumat verməsinə imkan yaradan yeni sistemi istifadəyə verib.AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat verilib.ABŞ-nin “RealResponse” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni sistem FIFA bayrağı altında keçirilən bütün turnirlərin futbolçuları və oyun rəsmiləri üçün nəzərdə tutulub. İstifadəçilər elektron poçt, SMS və internet saytında xüsusi forma vasitəsilə ali futbol qurumunun yarışların dürüstlüyünün qorunmasına cavabdeh bölməsinə müraciət edə biləcəklər. Müraciət edən şəxslərin anonimliyinin qorunması təmin olunacaq.Yeni sistem barədə futbolçulara və hakimlərə yarışlardan əvvəl keçirilən təşkilati iclaslarda məlumat veriləcək. Həmçinin iştirakçılara müvafiq məlumat materialları təqdim olunacaq, xüsusi plakatlarda isə sistemə keçidi təmin edən QR-kodlar yerləşdiriləcək.FIFA-nın yarışların dürüstlüyü məsələləri üzrə baş meneceri Liam Riç bildirib ki, yeni kanal futbolçulara və oyun rəsmilərinə mümkün pozuntular barədə birbaşa, təhlükəsiz və anonim şəkildə məlumat vermək imkanı yaradacaq.Sistem vasitəsilə sosial şəbəkələrdə futbolçulara qarşı təhqir, təqib və təhdid halları barədə də müraciət etmək mümkün olacaq. Bu məlumatlar FIFA-nın yarış iştirakçılarının internetdə təhqirlərdən qorunması ilə məşğul olan müvafiq xidməti tərəfindən araşdırılacaq.Qeyd edək ki, FIFA-nın mövcud qaydalarına əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər oyunların nəticələrinə müdaxilə cəhdləri, eləcə də danışılmış oyunlarla bağlı təklif və məlumatlar barədə dərhal federasiyaya məlumat verməlidirlər.Qurum bu məqsədlə indiyədək qorunan onlayn portaldan istifadə edib. “RealResponse” ilə yaradılan yeni sistem isə futbolçular və hakimlər üçün əlavə məlumatvermə kanalı olacaq.