Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu.
Statistikaya görə ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.
Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.
Yüksək sürətin xöşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!
Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər...
***
Dünən Qazaxda baş verən yol qəzasında ölənlərin adları məlum olub.
1979-cu il təvəllüdlü Müsədirov İttifaq İkram oğlu etibarnaməsi olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil ilə qarşıdan gələn 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğlunun idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşması nəticəsində sürücü İttifaq Müsədirov, eyni zamanda “Tofaş” markalı avtomobilin sürücüsü Sənan Dəryahquluyev və həmin avtomobildə olan sərnişinlər - 2018-ci il təvəllüdlü Dəryaquliyeva Güllər Sənan qızı, 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu hadisə yerində ölüblər.
1996-cı il təvəllüdlü Dəryahquluyeva Türkan Zahir qızı isə ağır bədən xəsarətləri alaraq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
***
saat 21:06
Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.
***
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xyaralananlar da var.
Yaralılar xəstəxanaya yerləşdirilib.(APA)