Bakı, 19 noyabr, AZƏRTACƏmək bazarının müasir çağırışlarına cavab olaraq dövlət məşğulluq siyasəti də əhəmiyyətli islahat dövrünü keçib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası icra olunur. Strategiyanın əsas hədəfləri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari il iyulun 20-də Strategiyanın 2026-2030-cu illəri əhatə edən növbəti Tədbirlər Planının təsdiq edilməsi Strategiyanın hədəflərinə nail olunmasına geniş imkanlar yaradacaq: "Əhalinin səmərəli məşğulluğunun təmin edilməsində işəgötürənlərin rolu əvəzolunmazdır və işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir. Ötən müddət ərzində nazirliyimiz məşğulluq sahəsində işəgötürənlərlə münasibətləri inzibati metodlardan daha çox xidmət modeli əsasında qurmaqla işəgötürənlərlə əməkdaşlığın daha da güclənməsinə nail olub", - deyə A.Əliyev qeyd edib. Müxbir - Günel Türksoy Fotoqraf - Nicat Haşimov Videooperator - Ceyhun Mustafayev