Yaponiyanın məşhur kriminal təşkilatı “Yakuza” haqqında danışarkən adətən kişilərin hökmranlıq etdiyi, sərt qaydalarla idarə olunan qapalı bir dünyadan bəhs edilir.
Lakin bu qaydaları pozan və təşkilatın tarixinə düşən qadınlardan biri Mako Nişimuradır. O, təkcə “Yakuza” üzvləri arasında nüfuz qazanmayıb, həm də təşkilatın rəsmi qəbul mərasimindən keçərək tamhüquqlu üzv olan ilk və yeganə qadın kimi tanınıb.
1966-cı ildə Yaponiyanın Ayçi prefekturasında anadan olan Mako Nişimuranın həyat hekayəsi yeniyetməlik illərindən başlayaraq kriminal aləmlə bağlı olub.
Nişimuranın uşaqlığı sərt ailə qaydaları və atasının ciddi davranışı ilə keçib. Yeniyetməlik dövründə ailəsinin nəzarətindən uzaqlaşmaq istəyən Mako qaydalara qarşı çıxan gənclərlə ünsiyyət qurmağa başlayıb. Daha sonra motosiklet dəstəsinə qoşulub, burada döyüşməyi öyrənib.
1986-cı ildə, 19 yaşında olarkən həyatının istiqamətini dəyişən hadisə baş verib. Hamilə rəfiqəsi Aya beş kişinin hücumuna məruz qalıb. Hadisə barədə xəbər tutan Mako beysbol dəyənəyini götürərək köməyə qaçıb. Hücum edənlərdən biri rəfiqəsinin qarnına zərbə endirdikdən sonra Nişimura onlara hücum edib. Hadisə yerinə polis gələndə kişilər qan içində olub, Mako isə ərazidən uzaqlaşıb.
Bu hadisə onun adının “Yakuza” üzvlərinin də diqqətini çəkməsinə səbəb olub. Bir müddət sonra yerli kriminal qruplaşmanın rəhbərlərindən biri ona təşkilata qoşulmağı təklif edib.
Mako 20 yaşında “Yakuza” sıralarına qoşulmaq qərarı verib. O, təşkilatın üzvlüyünü rəsmiləşdirən “sakazuki” mərasimindən keçib. Bu mərasim zamanı yeni üzv və qruplaşmanın rəhbəri arasında sake fincanları dəyişdirilir və sədaqət andı içilir.
Maraqlıdır ki, Nişimura mərasimə kişi kimonosu geyinərək qatılıb. O, beləliklə, “Yakuza” daxilində qadınlar üçün nəzərdə tutulmayan tamhüquqlu üzvlük statusu əldə edib.
Təşkilat daxilində mövqeyini qorumaq üçün kişilərlə eyni qaydalara əməl edən Mako borcların yığılması, narkotik ticarəti, fahişəlik şəbəkələrinin idarə olunması və rəqib qruplar arasındakı mübahisələrin həllində iştirak edib.
Nişimuranın hekayəsində ən sarsıdıcı məqamlardan biri “Yakuza” daxilindəki “yubitsume” ənənəsidir. Bu ritual təşkilat üzvünün etdiyi səhvə və ya pozduğu qaydaya görə üzr istəməsinin simvolik forması sayılır. Üzv kiçik barmağının bir hissəsini kəsərək rəhbərliyə təqdim edir.
Mako da kollektiv səhvə görə məsuliyyəti üzərinə götürmək məqsədilə öz kiçik barmağının bir hissəsini kəsib. Lakin onu digər üzvlərdən fərqləndirən cəhət bununla bitməyib. O, bu ritualı yerinə yetirməkdən çəkinən digər” Yakuza” üzvlərinə də kömək etməyə başlayıb. Məhz buna görə ona “barmaq kəsmə ustası” ləqəbi verilib.
Bədənini boynundan əllərinə qədər örtən döymələr və əskik kiçik barmağı onun keçmişinin ən görünən izləri olaraq qalıb.
Nişimuranın həyatı yalnız təşkilat daxilindəki mübarizələrdən ibarət olmayıb. O, narkotik asılılığı ilə üzləşib, ailə həyatı qurub, iki oğul anası olub. Lakin həyat yoldaşı ilə münasibətlərindəki zorakılıq və kriminal aləmin təsiri ailəsinin dağılmasına gətirib çıxarıb. O, uşaqlarının qəyyumluğunu da itirib.
Bir neçə dəfə təşkilata qayıdan Mako nəhayət, 2012-ci ildə Yakuza ilə əlaqələrini tamamilə kəsib.
Keçmişi onun adi həyata uyğunlaşmasını da çətinləşdirib. Bədənindəki döymələr və kəsilmiş barmağı səbəbindən iş tapmaqda problemlərlə üzləşib. Sonradan tikililərin söküntüsü ilə məşğul olan şirkətdə işləməyə başlayıb. Bu gün isə Nişimura keçmiş kriminal qruplaşma üzvlərinin cəmiyyətə qayıtmasına kömək edən “Gojinkai” adlı qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak edir. O, vaxtilə daxil olduğu dünyanın insanlara nələr yaşatdığını öz təcrübəsindən çıxış edərək anlatmağa çalışır.
“The Guardian” qəzetinin 21 may 2026-cı il tarixli geniş araşdırmasında da onun keçmişi və hazırkı həyatı işıqlandırılıb. Mako artıq kriminal aləmin bir hissəsi deyil, keçmiş məhkumlara və narkotik asılılığından əziyyət çəkən insanlara dəstək göstərən şəxs kimi fəaliyyət göstərir.