Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans işə başlayıb (FOTO)

Bakıda “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusunda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir.

Trend-in müxbirinin xəbərinə görə, konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi-tədqiqat mərkəzlərinin və özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbirdə süni intellektin beynəlxalq münasibətlərə təsiri, kibertəhlükəsizlik, rəqəmsal suverenlik, kiberməkanda dövlətlərarası əməkdaşlıq, informasiya təhlükəsizliyi və kritik infrastrukturun qorunması kimi aktual məsələlər müzakirə olunacaq.

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşların iştirakı ilə keçirilir.

Tədbirdə süni intellektin beynəlxalq münasibətlərə və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət, iri texnologiya şirkətlərinin geosiyasi proseslərdə artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlər müzakirə ediləcək.

Bununla yanaşı, kiberməkanda etimadın gücləndirilməsi, dövlətlərin məsuliyyətli davranışı, kritik infrastrukturun qorunması və transsərhəd kibertəhlükəsizlik risklərinin idarə olunması məsələləri diqqət mərkəzindədir.

Konfransda beynəlxalq ekspertlərin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, diplomatların, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Kiberdiplomatiya üzrə ilk Beynəlxalq Konfrans 2024-cü ildə Azərbaycanda keçirilib. Həmin tədbirdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə iştirak edib.