Bir aya 10 kilo arıqlamaq: Sosial şəbəkə pəhrizləri nə qədər təhlükəlidir?…

Arıqlamaq və sağlam qidalanmaqla bağlı sosial şəbəkələrdə müxtəlif pəhriz proqramları yayılır. Qısa müddətdə çəki itirməyi vəd edən bu üsulları bir çox insan mütəxəssis məsləhəti almadan tətbiq edir. Lakin hər kəsin orqanizmi və qida ehtiyacları fərqli olduğundan, bu tip pəhrizlər sağlamlıqda problemlərə də səbəb ola bilər.

Sosial şəbəkələrdə yayılan pəhriz proqramlarının hansı fəsadları ola bilər? Xüsusilə sürətli arıqlama vəd edən qidalanma üsulları orqanizmə necə təsir edir?

Mövzu ilə bağlı Medianews.az-a danışan endokrinoloq, diyetoloq Günay Həsənovanın sözlərinə görə, hazırda ən böyük problem ondadır ki, internetdə yayılan bəzi pəhriz proqramlarında insanlara müəyyən müddət ərzində konkret çəki itirəcəklərinə tam zəmanət verildiyi iddia olunur: “Sanki vurma cədvəli kimi, iki vur iki dörd edir, bu proqramlarda da insanlara bir ay ərzində 10 kiloqram çəki atacaqları vəd olunur. Bu, düzgün yanaşma deyil. Çünki hər bir insanın qan göstəriciləri, orqanizmindəki yanaşı xəstəliklər, maddələr mübadiləsi, hormonal vəziyyəti və fiziki aktivliyi fərqlidir. Buna görə də hər kəs eyni nəticəni əldə edə bilməz.

İnsanlar pəhriz proqramlarına baxarkən anlamalıdırlar ki, eyni nəticə hamı üçün keçərli deyil. Məsələn, sürətli çəki itirmək 27 yaşlı bir insanda ideal nəticə verə bilərsə, 57 yaşlı insan eyni nəticəni heç vaxt əldə edə bilməz. Yəni bir proqramı hər kəsə eyni qaydada tətbiq etmək mümkün deyil.

Sürətli çəki itirilməsi zamanı orqanizm vitamin ehtiyatlarını itirməyə başlayır. Bu zaman ferritinin səviyyəsi aşağı düşə bilər. Nəticədə dişlərdə çürümə, saç tökülməsi baş verə, D vitamininin səviyyəsi azala, qan göstəricilərində dəyişikliklər yarana və hemoqlobinin səviyyəsi enə bilər. Nəticədə daxili orqanlarda da müxtəlif fəsadlar meydana çıxa bilər.

Beləliklə, bir tərəfdən sürətlə çəki itirərkən, digər tərəfdən daxili orqanlarımızda ciddi problemlər yarada bilərik.

Yüksək allergik həssaslığı olan insanlar da var. Tutalım, onlar internetdən əldə etdikləri C vitamini ilə zəngin pəhriz proqramlarını özbaşına tətbiq etdikdə ciddi allergik reaksiyalarla üzləşə bilərlər. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Hətta bəzi insanlar pəhriz zamanı özbaşına qəbul etdikləri qidalar səbəbindən anafilaktik şok keçirəcək vəziyyətə düşüblər. Nəzarətsiz və düşünülmədən tətbiq olunan pəhrizlər çox ciddi və gözlənilməz fəsadlara səbəb ola bilər”.

G.Həsənova vurğulayıb ki, yüksək təzyiqdən əziyyət çəkən insanları da nəzərə almaq lazımdır: “Bəzi pəhriz proqramlarında gün ərzində beş litrə qədər su içmək tövsiyə olunur. Hipertoniyadan əziyyət çəkən insanlar bu qədər su qəbul etdikdə təzyiqləri yüksələ bilər. Bu isə insultla nəticələnə bilər.

Detoks proqramlarına gəldikdə, qastritdən əziyyət çəkən insanlar bu cür proqramlar nəticəsində xəstəliklərini daha da ağırlaşdıra bilərlər. Onlar üçün uyğun olmayan, hətta əks-göstəriş hesab edilən qidaları qəbul edə bilərlər. Məsələn, insan mədəsində hansı problemin olduğunu bilmədən zəncəfil və yüksək dozada qreypfrut qəbul etdikdə mədəsində ciddi fəsadlar yarana bilər. Bu, hətta qastritin xora mərhələsinə keçməsinə və nəticədə daxili qanaxmaya səbəb ola bilər. Sadalanan fəsadlar bu baxımdan kifayət qədər ciddidir.

Digər bir məqamı da qeyd edim: hər bir insan gün ərzində itirdiyi enerjiyə, yəni sərf etdiyi kaloriyə uyğun qidalanmalıdır. Sürətli çəki itirmək üçün internetdə yayılan proqramlarda isə çox vaxt insanın fərdi göstəriciləri nəzərə alınmır. Həmin proqramları götürüb öz orqanizminə uyğun olub-olmadığını bilmədən tətbiq edirlər.

100 kiloqram çəkisi olan insanla 70 kiloqram çəkisi olan insanın gündəlik kalori ehtiyacı eyni deyil, tamamilə fərqlidir. Bir insan bu proqram vasitəsilə yaxşı nəticə əldə edə bilərsə, digəri heç 30 faiz nəticə də əldə etməyə bilər. Çünki bütün bunlar fərdi şəkildə hesablanmalıdır”.