Ramiz Mehdiyevin işi növbəti raunda keçdi - Hökm hələ qüvvəyə minməyib…

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzası alan Ramiz Mehdiyevin işi növbəti mərhələyə keçib: sabiq dövlət məmuru apellyasiya şikayəti verib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Şikayətə nə vaxt baxılacağı hələ bilinmir.

Medianews.az bildirir ki, ilk instansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü hələ qanuni qüvvəyə minmiş hökm deyil. Hökm apellyasiya instansiyasının qərarından sonra qətiləşəcək.

Cinayət-Prosessual Məcəlləsinə görə, məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayətini hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verə bilər. Eyni müddətdə dövlət ittihamçısının və ya baş prokurorun, onun müavininin apellyasiya protesti verməsi də mümkündür.

Ramiz Mehdiyev yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla şərti cəza alıb.

Hökmdə Ramiz Mehdiyevin əmlakının müsadirəsi, dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi də əksini tapıb.

1938-ci il təvəllüdlü Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.