Saxta sənədlə Azərbaycandan Rusiyaya görün nə aparmaq istədilər – Foto

Azərbaycan-Rusiya sərhədində saxta müşayiətedici sənədlərdən istifadə etməklə Rusiyaya avtomobil ehtiyat hissələrinin çıxarılması cəhdinin qarşısı alınıb. Aşkarlanan yükün ümumi çəkisi 23,6 tondan çox olub.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.

Avtomobil ehtiyat hissələri “Mercedes” və “Renault” markalı iki yük maşınına baxış keçirilərkən aşkarlanıb.

“Mercedes” markalı yük avtomobilində 9 ton 200 kiloqram, “Renault” markalı avtomobildə isə 14 ton 445 kiloqram məhsul olub.

Yüklərə aid sənədlərin yoxlanılması zamanı sürücülərin təyinat ölkəsinin dəyişdirildiyi saxta müşayiətedici sənədlər təqdim etdikləri müəyyən edilib.

Hər iki sürücü saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.