Serbiyada MiQ-29 qırıcısı qəzaya uğrayıb: Pilot həlak olub

Serbiya Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə paytaxt Belqradın şimal-qərbində qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həyatını itirib.

Serbiya mediasının məlumatına görə, MiQ-29 qırıcı təyyarəsi Stara Pazova ilə Nova Pazova yaşayış məntəqələri arasındakı əraziyə düşərək tarlaya çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Pilotun qəza nəticəsində hadisə yerində öldüyü bildirilir.

Serbiyanın Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Qəzanın səbəbləri barədə məlumat verilməyib.