Paris, 17 noyabr, AZƏRTAC Fransada prezidentliyə namizəd, “Milli Birlik” (RN) partiyasının lideri Marin Lö Pen hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya maliyyə yardımının dayandırılacağını bildirib. Bununla belə, o, Fransanın indiyədək götürdüyü öhdəlikləri, xüsusilə Avropa İttifaqının Kiyevə ayırdığı 90 milyard avroluq kreditlə bağlı vədləri yerinə yetirəcəyini vurğulayıb.AZƏRTAC xəbər verir ki, Marin Lö Pen Parisdə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko ilə görüşü zamanı dövlət maliyyəsinin vəziyyətinin yaxın aylarda Kiyevə əlavə maliyyə yardımı göstərilməsinə imkan verməyəcəyini bildirib.RN lideri əvvəlki açıqlamalarında hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya maliyyə ödənişlərini altı ay müddətində davam etdirəcəyini, daha sonra isə dayandıracağını bildirmişdi. Bu qrafik 2027-ci ilin noyabrına qədər olan dövrü əhatə edə bilər. Qeyd edək ki, Avropa İttifaqının 90 milyard avroluq krediti 2026-2027-ci illər üçün nəzərdə tutulub.Bununla yanaşı, Lö Pen Ukraynaya hərbi texnika ianələri, humanitar yardım və daha fəal diplomatik fəaliyyət vasitəsilə dəstəyin davam etdiriləcəyinə söz verib. O, sülhün əldə olunmasını çətin, lakin diqqətdə saxlanılmalı məqsəd kimi qiymətləndirib.Fransa Prezidenti Emmanuel Makron isə Ukraynaya yardımın azaldılmasını müdafiə edənlərin əslində Ukraynaya deyil, öz ölkələrinin maraqlarına qarşı hərəkət etdiklərini bildirib.