Britaniyanın nüfuzlu “The Economist” nəşri 2027-ci ildə dünya iqtisadiyyatını, siyasi münasibətləri və texnologiya sektorunu müəyyən edəcək əsas tendensiyalarla bağlı illik proqnozunu yayımlayıb. Nəşr maliyyə bazarlarında mümkün sarsıntılar, geosiyasi münaqişələr, süni intellekt sektorundakı risklər və ekstremal hava hadisələrinə diqqət çəkib.
Bu barədə “The Economist”in noyabrın 17-də təqdim etdiyi “The World Ahead 2027” xüsusi buraxılışında bildirilir.
Üz qabığı rəssam Kleon Peterson tərəfindən hazırlanıb. Əsas rənglər qırmızı, qara və ağdır. Üz qabığında tanklar, raketlər, etirazçı izdihamları, müşahidə kameraları, süni intellekt və maliyyə bazarlarının çöküşü kimi simvollar sıx şəkildə təsvir olunub. Bunlar münaqişələrin və qeyri-müəyyənliyin bir-biri ilə əlaqəli mənzərəsini yaradır.
Nəşrin qiymətləndirməsinə görə, 2027-ci ildə ən ciddi iqtisadi risklərdən biri inkişaf etmiş ölkələrin dövlət borclarının artması və istiqraz bazarlarında təzyiqin güclənməsi olacaq. Yüksək büdcə xərcləri və borclanmanın bahalaşması bəzi ölkələrdə maliyyə sabitliyini zəiflədə bilər.
Süni intellekt sektoru da əsas risk mənbələrindən biri kimi göstərilir. Texnologiya şirkətlərinin mürəkkəb maliyyələşmə mexanizmləri və artan borcları bazarda mümkün çöküş ehtimalını yüksəldir.
Avropada əsas siyasi hadisələrdən biri Fransada keçiriləcək prezident seçkiləridir. Nəşr Marin Le Penin mümkün qələbəsinin Avropa İttifaqında siyasi və maliyyə qeyri-müəyyənliyini gücləndirə biləcəyini bildirir.
Asiyada isə Tayvan ətrafında hərbi gərginlik əsas təhlükələrdən biri olaraq qalır. Çin ordusunun 2027-ci ilə qədər Tayvana qarşı əməliyyatlara hazır olması ilə bağlı iddialar regionda təhlükəsizlik narahatlıqlarını artırır.
“The Economist” həmçinin İran müharibəsinin enerji bazarlarına və gübrə təchizatına təsirinin davam edəcəyini, güclü El-Ninyo hadisəsinin isə quraqlıq, istilik dalğaları və meşə yanğınlarını artıracağını proqnozlaşdırır.
Bununla yanaşı, arıqlama preparatlarının istehlak bazarına təsiri, kosmik uçuşların ucuzlaşması və Hollivudun dəyişən biznes modeli də 2027-ci ilin əsas tendensiyaları arasında göstərilir.
Nəşr vurğulayır ki, bunlar baş verəcəyi qəti olan hadisələr deyil, mövcud tendensiyalara əsaslanan mümkün inkişaf ssenariləridir.